RU

Baş ağrısı bəzən həyati təhlükənin əlamətidir - SOS

Nevroloq Vüsal Əzimov: “Telefon və kompüter baş ağrılarını artırır” 

Miqren və digər baş ağrıları növləri dünyada ən çox yayılmış və əlilliyə səbəb olan sağlamlıq problemlərindən biridir. Bununla bağlı "La Trobe" Universiteti və "Western Health" tərəfindən araşdırma aparılıb. Tədqiqata görə, hazırda dünyada təxminən 2,8 milyard insan baş ağrısından əziyyət çəkir. Müasir həyat tərzinin baş ağrılarına səbəb olduğunu vurğulayan araşdırmada stressin, oturaq həyat tərzinin, spirtli içki və kofeinin və keyfiyyətsiz yuxunun da buna yol açdığı bildirilib.

Qeyd olunub ki, 30-44 yaş arası qadınlar və yüksək gəlirli ölkələrdə yaşayanlar baş ağrısı kimi sağlamlıq problemlərindən xüsusilə təsirlənirlər.
Tədqiqatda həmçinin qeyd olunub ki, COVID-19 pandemiyası yeni çətinliklər yaradıb və infeksiya və ya peyvənddən sonra belə baş ağrılarının davam etməsi barədə məlumatlar yayılıb. Tədqiqatın aparıcı müəllifi, professor Dr. Tissa Vijeratne qeyd edib ki, baş ağrısı problemlərinə qlobal səhiyyə gündəmlərində prioritet verilməlidir. O, səhiyyə investisiyalarının artırılmasına və fərdiləşdirilmiş müalicə proqramlarına ehtiyac olduğunu vurğulayıb.

Mövzuyla bağlı danışan nevroloq Vüsal Əzimov Sherg.az-a  açıqlamasında deyib ki, baş ağrısı insanlarda ən çox rast gəlinən nevroloji problemlərdən biridir və son illərdə həm gərginlik tipli baş ağrılarının, həm də miqrenin artması müşahidə olunur. Həkimin sözlərinə görə, baş ağrısı baş və ya boyun nahiyəsindən başlayaraq müxtəlif bölgələrə yayılan, zonquldayıcı, basıcı və ya küt şəkildə hiss edilən ağrıdır:

 “İnsan beyni ağrını hiss etmir. Baş ağrısı baş və boyun nahiyəsində yerləşən damarlar, əzələlər, saçlı dəri və beyni örtən qişalardan qaynaqlanır. Ümumilikdə baş ağrısının 300-dən çox növü və səbəbi var. Ən geniş yayılan birincili baş ağrısı gərginlik tipli baş ağrısıdır. Bu zaman xəstələr boyun və baş ətrafında sıxılma, basınc hiss edirlər. Əsas səbəblər uzunmüddətli stress, yorğunluq və əzələ spazmıdır. Adətən istirahət və yuxudan sonra ağrı azalır, ürəkbulanma olmur. Miqren isə daha çox başın bir tərəfində zonquldayıcı ağrı ilə müşahidə olunur. Miqren zamanı səs və işığa qarşı həssaslıq artır, ürəkbulanma və bəzən qusma baş verir. Yuxusuzluq, ac qalmaq, yorğunluq və emosional gərginlik ağrını yaradan əsas amillərdəndir. Miqren bəzən bir neçə gün davam edə bilər”.

V.Əzimov xəbərdarlıq edib ki, baş ağrıları bəzən həyati təhlükə daşıyan xəstəliklərin xəbərçisi olur: 

“Əgər ağrı qəfil başlayır, ağrıkəsicilərlə keçmir, tədricən artır və bədənin bir tərəfində keyimə, gücsüzlük, görmə pozulması müşahidə olunursa, bu, beyin qanaxması, meningit, şiş və ya yüksək təzyiq kimi ciddi problemlərin göstəricisidir. Belə hallarda mütləq həkimə müraciət edilməlidir. Müasir dövrdə insanların artıq stress altında yaşaması, yuxu rejiminin pozulması, uzun müddət telefon və kompüter qarşısında vaxt keçirməsi, həmçinin qeyri-düzgün qidalanma və fiziki passivlik baş ağrısı hallarının artmasına səbəb olur. Başağrısını aradan qaldırmaq üçün özbaşına dərman qəbulu düzgün deyil. Əsas məsələ ağrının səbəbini tapmaq və həkim göstərişi ilə müalicəyə başlamaqdır”. 

Şəymən Bayramova

Избранный
80
1
sherg.az

2Источники