RU

170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcək

Gələn il 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək


"Son 7 ildə Azərbaycanda 5 sosial islahat zərfi həyata keçirilib, bu islahatlar 4 milyon vətəndaşımızı əhatə edib, maliyyə tutumu isə illik əlavə 7,6 milyard manat təşkil edib". Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib. 

Nazir bildirib ki, cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16 faiz artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14 faiz artırılaraq 320 manata çatdırılıb: “Həmçinin, 1 iyul tarixindən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılıb".
Anar Əliyev deyib ki, 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun (İSF) vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. Nazir bildirib ki, 2025-ci il 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxslər işlə təmin edilib. 2026-cı ildə isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcəyi gözlənilir. Qeyd edilib ki, əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin xərclərinin 29 faizi təşkil edəcək.

Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2 faiz olması proqnozlaşdırılır

Əmək və əhalinin sosial müdafiəsi naziri qeyd edib ki, növbəti ildə İSF-nin vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Nazir bildirib ki, bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinə başlanılacaq: "2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur. Təlim prosesinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədris müəssisələri tərəfindən reallaşdırılması planlaşdırılır".
Anar Əliyev deyib ki, gələn il pensiyalar üzrə indeksasiyanın 9,2 faiz olması proqnozlaşdırılır. Nazir bildirib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub: "Bunun 81,2 faizi və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdirilməsi ilə bağlı xərclərin payına düşür. Proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2 faiz səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2 faiz artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır”.

"Son 5 ildə sosial müdafiə və təminat xərcləri 40,7 faiz artıb"

Maliyyə nazirinin müavini Himalay Məmişov deyib ki, xalqın rifahının yaxşılaşdırılması dövlət başçısının siyasətinin təməlini təşkil edir. Nazir müavini bildirib ki, növbəti il müavinət və təqaüdlərin ödənilməsinə 2,1 milyard manat ayrılması nəzərdə tutulub: “Son 5 ildə sosial müdafiə və təminat xərcləri 40,7 faiz artıb”.

Maliyyə nazirinin müavini Himalay Məmişov deyib ki, Naxçıvanın gəlirləri 52,0 milyon manat və ya 23,7 faiz artımla, xərcləri isə 22,0 milyon manat optimallaşdırılıb. Nazir müavini bildirib ki, növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483,0 milyon manat məbləğindədir: “Muxtar Respublikaya 2026-cı il üçün dövlət büdcəsindən 211,6 milyon manat həcmində dotasiya nəzərdə tutulur. Dotasiyanın həcmi cari ilə nisbətən 74,0 milyon manat və ya 26 faiz azalıb. Buna səbəb Muxtar Respublikanın gəlirlərinin 52,0 milyon manat və ya 23,7 faiz artımı, xərclərinin isə 22,0 milyon manat optimallaşdırılmasıdır”.

Büdcədən uşaqlara qulluq, doğuş və dəfn üçün ayrılan vəsait artırılır

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 49 faiz və 50,4 faiz olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatının minimum normaları haqqında Konvensiyasına cavab verəcək. Komitə sədri bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuşa görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə, dəfn müavinətləri üçün olan xərclər büdcədə artırılır: “Gələn il şəhid ailələri, qazilər, pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifah halının yaxşılaşması üçün etibarlı təminat yaradılacaq”.

Deputat Musa Quliyev bildirib ki, əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə işsizlikdən sığorta fondundan 77 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. O deyib ki, 2026-cı ildə Fondun hesabına 8 min nəfərin özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Dünya Bankı ilə bağlanmış müqaviləyə görə, əlavə 7 min nəfər özünüməşğulluq proqramlarına cəlb ediləcək. 

İşsizliyə görə sığorta ödənişlərinin 60 faizlik artımı çox sevindiricidir

Komitə sədri əlavə edib ki, yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır: "Azərbaycan sosial dövlətdir, daxili siyasətdə sosial məsələlər hər zaman prioritetdir və sosial məsələlər həmişə Prezidentin diqqət mərkəzində olub. 2019-cu ildən başlayaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib. Bu paketlər hər il 4 milyon vətəndaşın sosial durumunun yaxşılaşmasına xidmət edir. Ölkəmizin 2025-ci ildə əldə etdiyi iqtisadi uğurlar 2026-cı il büdcəsində sosial xərclərin artımına səbəb olub. DSMF-nin 2026-cı il üçün gəlirləri cari illə müqayisədə 9,3 faiz çoxdur. Gələn il DSMF-nin xərcləri cari illə müqayisədə 10,5 faiz çox olacaq. 2019-cu ildən əmək pensiyasının minimum məbləği ölkə üzrə yaşayış minimumunu üstələyib. Bu meyil gələn il də davam edəcək. Əmək pensiyalarının orta aylıq məbləği 2026-cı ildə 590 manat olacaq. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır”.

Deputat Soltan Məmmədov deyib ki, işsizliyə görə sığorta ödənişlərinin həcminin 60 faizlik artımı çox sevindiricidir. Soltan Məmmədov bildirib ki, bu gün seçicilərlə iş zamanı ən çox müzakirə olunan məsələ məşğulluqla bağlıdır: “İşsizliyə görə sığorta ödənişlərinin həcminin 60 faizlik artımı bizi çox sevindirir. Peşə hazırlığı, əlavə təhsillə bağlı görülən tədbirlər, kvotadan əlavə iş yerlərinin yaradılması bu gün İşsizlikdən sığorta fondunun 14 istiqamətdə həyata keçirdiyi tədbirlərin göstəricisidir. Eyni zamanda kvotadan əlavə iş yerlərinin yaradılması üçün görülən tədbirlər, sosial müəssisələrinin yaradılması, müəyyən məqsədli proqramların həyata keçirilməsində əldə etdiyimiz uğurların davamlılığının təmini lazımdır. Özünüməşğulluq üçün ayrılan hər bir vəsait bu gün kiçik sahibkarların inkişafına müəyyən şərait yaradır. Bunların son 5 il üçün həyata keçirilmiş tədbirlər və gələcək illərdəki proqnozu ilə bağlı kiçik hesabat olsa, yaxşı olardı”.

İsmayıl 


Избранный
126
sherg.az

1Источники