RU

Bölgə klubunda çox qalmayacaq, onu “oğurlayacaqlar”

“Şamaxı”nın orta sahəsini onsuz təsəvvür etmək mümkün deyil.

İşlək mexanizmdir, həm müdafiəyə kömək edir, həm hücuma. Rəqiblər üçün əsl başağrı yaradan futbolçudur. Yorulmaq sözü ona yaddır.

Ayxan Abbasovun kəşfi bu ilin əvvəlindən müqavilə bağladığı komandada həqiqətən böyük işlər görür.

Alfons Msanqadan bəhs etdiyimizi, yəqin ki, anladız.

Premyer Liqanın bəzi klubları artıq onu hədəfə alıb. Siyahıda bir neçə klubun adı var ki, aralarında iddialılar yox deyil.

Cari mövsümdə meydana çıxdığı 10 oyunda cəmi 1 qol vurmasına baxmayaraq, bəzi qolların təşkilində böyük rol oynayıb. Əvvəlki aylarla müqayisədə bir xeyli artırıb.

Tanzaniya millisinə də dəvət alan Msanqa bu cür davam edəcəyi təqdirdə elita təmsilçiləri ilə yanaşı, başqa ölkələrin klubları da “Şamaxı”nın qapısını döyəcək.

Çünki bu tip futbolçuları tapmaq asan iş deyil. O, həm işləkdir, həm ağıllıdır, həm də oyunu üzərinə götürməyi bacarır. Bir az da “rəndələnsə”, böyük işlər görə biləcək gücdədir.

Alfonsun bölgə təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayında başa çatır.

Bu, o deməkdir ki, qış fasiləsində güclənmək istəyən klub “Şamaxı”ya müraciət etməlidir. Yox, yayı gözləmək istəsələr, futbolçunun agenti ilə təmasa keçməli olacaqlar. Təbii ki, hazırkı klubunun rəhbərliyi mövsüm başa çatmamışdan əvvəl ona yeni müqavilə təklif etməsə.

22 yaşlı yarımmüdafiəçi bu ilin yanvarından meydana çıxdığı 28 görüşdə 5 qol və 1 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
19
sportinfo.az

1Источники