RU

İzlənmədə “yüksəliş etmək uğrunda alçalmaq”... TikTok da şans oyunu və cəmiyyətin yeni xəstəliyi

ain.az, Bizimyol saytına istinadən bildirir.

Sosial şəbəkələrdə yayılan yeni görüntülər ölkə ictimaiyyətində ciddi narazılıq doğurub. “TikTok” platformasında canlı yayıma çıxan bir qrup şəxs mərc oyununa girərək “əyləncə” adı altında biabırçı hərəkətlər edib. Uduzan iştirakçıya verilən “cəza” isə birmənalı şəkildə cəmiyyətin mənəvi səviyyəsi barədə suallar doğurur. Belə ki, uduzan şəxs avtoyuma məntəqəsində yüksəktəzyiqli su ilə çimizdirilib. Bu hadisə təkcə gülməli və ya utandırıcı deyil, bu, sosial dəyərlərin sürətlə aşınmasının göstəricisidir.

Bir vaxtlar sosial şəbəkələrdə insanlar yaradıcılıq, istedad və bilik paylaşmaq üçün toplanırdı. İndi isə bir çox gənclər üçün əsas məqsəd “baxış sayı” və “like” toplamaqdır. TikTok kimi platformalarda “trend olmaq” adına görülən hərəkətlər bəzən ağlasığmaz dərəcədə təhlükəli və mənəviyyata zidd olur.

Avtoyuma məntəqəsində yüksək təzyiqli su ilə “çimizdirilən” insan təkcə fiziki risklə üzləşmir, bu, həm də şəxsi ləyaqətin açıq şəkildə təhqiridir. Təəssüf ki, bu cür davranışlar izlənmə sayının artması ilə “mükafatlandırıldığı” üçün digərləri üçün nümunəyə çevrilir.

Bu cür hadisələr göstərir ki, bəzi gənclər üçün real həyatla virtual aləm arasındakı sərhəd tamamilə itib. Onlar üçün “like” sosial təsdiq, “trend” isə uğurun ölçüsüdür.

Psixoloqların fikrincə, sosial şəbəkə asılılığı insanın davranışlarına birbaşa təsir göstərir. İnsanlar izlənmək və diqqət mərkəzində qalmaq üçün özlərini alçaldan, təhlükəyə atan, bəzən isə başqalarını təhqir edən addımlar atırlar.

Belə hallarda məsuliyyət təkcə həmin şəxslərin üzərinə düşmür. Bu, platformaların tənzimlənməməsi, ailə və təhsil sistemlərinin zəifləməsi, və ictimai nəzarətin yoxluğu ilə əlaqəlidir. TikTok və digər platformalar təhlükəli və alçaldıcı məzmunlara qarşı effektiv nəzarət mexanizmləri tətbiq etmir. Azərbaycanda da sosial media etikası və rəqəmsal davranış qaydaları ilə bağlı ciddi hüquqi boşluq mövcuddur. Ailələr isə çox vaxt gənclərin onlayn davranışlarına nəzarət etmir, nəticədə “like” arxasınca gedən gənclər həyatla məsxərə edən, reallıqdan uzaqlaşan bir nəsilə çevrilirlər.

Ən qorxulusu odur ki, bu cür videolara milyonlarla baxış gəlir, minlərlə insan bunu “əyləncə” kimi qəbul edir. Sosial qınağın azalması və “normal” kimi qəbul edilən mənəvi aşınma halları ictimai dəyərlərin çürüməsini sürətləndirir. Cəmiyyət bu hallara laqeyd qaldıqca, sabah daha təhlükəli “mərc oyunları” və “cəza videoları” yayıla bilər.

TikTok-da baş verən bu hadisə bir dəfəlik xəbərdarlıq olmalıdır ki, biz “əyləncə” adı altında insan ləyaqətini və sağlam düşüncəni itirmək təhlükəsi ilə üz-üzəyik. Cəmiyyət, media və dövlət birlikdə addım atmalı, gənclər arasında rəqəmsal etik davranış, sosial məsuliyyət və media savadlılığı gücləndirilməlidir.

Unutmayaq ki, baxış sayı insan dəyərinin göstəricisi deyil.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
bizimyol.info

1Источники