RU

“Dabaq xəstəliyi heyvan sağlamlığı və kənd təsərrüfatı iqtisadiyyatı üçün ciddi qlobal təhlükədir” - Mütəxəssis/ FOTOLAR

"Dabaq xəstəliyi cütdırnaqlı heyvanlarda rast gəlinən, yüksək yoluxuculuq qabiliyyətinə malik virus mənşəli infeksiyadır. Xəstəlik ağız boşluğunda, dırnaq və yelin nahiyəsində yaranan ağrılı yaralarla özünü büruzə verir. Bu virusun 7 əsas serotipi və onlarla alt tipi mövcuddur ki, bu da peyvəndləmə və müalicə tədbirlərini çətinləşdirir. Yoluxma əsasən yoluxmuş heyvanla birbaşa təmas, hava-damcı yolu, çirklənmiş yem, su, alətlər və heyvanların ticarəti vasitəsilə baş verir. Virus mühitdə çox davamlıdır, torpaq, su, alət və geyim üzərində həftələrlə aktiv qala bilir, soyuq və rütubətli şəraitdə yaşama müddəti artır. İnsanların ayaqqabıları, geyimləri və nəqliyyat vasitələri virusun yayılmasında mühüm rol oynayır."

QHT.az xəbər verir ki bu sözləri “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyinin mütəxəssisi Ağaməhəmməd Alosmanov bildirib. Onun sözlərinə görə, ən nəzərə çarpan simptomlardan biri bol miqdarda tüpürcək ifrazıdır. Bu, ağızda yaranan yaraların partlaması nəticəsində selikli qişanın zədələnməsi və ağrı səbəbindən reflektor şəkildə artır:

"Heyvanlar yemək və udqunma çətinliyi yaşadığı üçün tüpürcək ağızdan axır və tez-tez ağız künclərində köpüklənmə müşahidə olunur. Bu simptom axsaqlıq və yeməkdən imtina ilə birlikdə xəstəliyin mühüm diaqnostik göstəricilərindən sayılır. Xəstəliyin əlamətləri arasında bədən temperaturunun yüksəlməsi, ağızda, dildə və dırnaqlarda yaralarlar, dırnaq nahiyəsində çatlar, halsızlıq, iştahsızlıq, süd məhsuldarlığında azalma və gənc heyvanlarda ölüm halları yer alır".

Ağaməhəmməd Alosmanov həmçinin qeyd edib ki, dabaq xəstəliyi zoonoz xəstəliklər sırasına daxil olsa da, insanlara yoluxma halları nadirdir. Yoluxma əsasən yoluxmuş heyvanla fiziki təmas, çirklənmiş süd və ət məhsullarının istehlakı və laborator mühitdə virusla işləyən şəxslər arasında baş verə bilər:

"İnsanlarda xəstəlik yüngül klinik əlamətlərlə keçir və ciddi fəsadlar nadir hallarda müşahidə olunur. Xəstəliyə qarşı mübarizə tədbirləri profilaktik peyvəndləmə, xəstə heyvanların təcridi və zəruri hallarda məhv edilməsi, dezinfeksiya tədbirləri, heyvanların hərəkətinə və ticarətinə nəzarətin gücləndirilməsi və fermalarda biotəhlükəsizlik qaydalarının ciddi şəkildə tətbiqindən ibarətdir. Dabaq xəstəliyi dünyanın bir çox ölkəsində ya endemik, ya da epizootik şəkildə yayılır. Xüsusilə Asiya (Hindistan, Pakistan, Çin, İran, Nepal), Afrika (Nigeriya, Efiopiya, Sudan), Cənubi Amerika (Braziliya, Argentina, Kolumbiya), Yaxın Şərq və Orta Asiya ölkələrində mütəmadi olaraq epizootik hallar qeydə alınır. Beynəlxalq qiymətləndirmələrə görə, xəstəlik hər il 200 milyon ABŞ dollarından çox iqtisadi zərərə səbəb olur. Bu zərər süd və ət məhsuldarlığının azalması, heyvanların məhv edilməsi və kompensasiya ödənişləri, ticarət məhdudiyyətləri və ixrac itkiləri, profilaktik peyvənd və dezinfeksiya xərcləri ilə bağlıdır".

QHT sədri sonda bildirib ki, Azərbaycanın bölgələrində 2025-ci ilin oktyabr ayında dabaq xəstəliyinin yayılması müşahidə olunub:

"Fermerlər arasında ciddi narahatlıq yaranıb və aidiyyəti qurumlar profilaktik tədbirlər görməyə başlayıb. Xəstəlik əsasən iri və xırdabuynuzlu heyvanlarda müşahidə olunmuşdur. Bu xəstəlik zamanı süd məhsuldarlığı 50–70% azalır ki, bu da fermerlər üçün ciddi iqtisadi itki deməkdir. Azərbaycan 2025-ci ildə Avropa Dabaq Komissiyasının Nizamnaməsinə qoşulub, bu da beynəlxalq nəzarət və koordinasiyanı gücləndirmək məqsədi daşıyır.

Qonşu ölkələrdə də vəziyyət ciddi risk daşıyır. İranda demək olar ki, ölkənin bütün bölgələrində yayılmışdır. Türkiyədə Şərqi Anadolu bölgəsində (İğdır, Ağrı, Van) epizootik hallar müşahidə olunur, Asia1SAT2 serotiplərinə qarşı peyvənd proqramları həyata keçirilir. İraq və Suriya endemik bölgələrdir, münaqişə şəraiti və zəif baytarlıq nəzarəti səbəbindən xəstəlik mütəmadi yayılır. Rusiya Federasiyasında xüsusilə Şimali Qafqaz bölgəsində (Dağıstan, Çeçenistan, Stavropol, Krasnodar) və Şərqi vilayətlərdə epizootik hallar tez-tez qeydə alınır. Rusiya sərhəd nəzarətini gücləndirsə də, Qazaxıstan və Monqolustanla sərhədlər risk daşıyır. Qazaxıstanda Şərqi vilayətlərdə yoluxma halları qeydə alınıb və ölkə FAO-nun “Progressive Control Pathway” proqramına qoşulub. Monqolustanda Dornod və Sükhbaatar bölgələrində epizootik hallar baş verib, sərhəd nəzarəti və peyvəndləmə tədbirləri gücləndirilib. Özbəkistan və Tacikistanda yoluxma halları qeydə alınıb, Qırğızıstan və Türkmənistan isə peyvəndləmə və sərhəd nəzarətini artırmağa çalışır.

Dabaq xəstəliyi yalnız heyvan sağlamlığına deyil, həm də kənd təsərrüfatı iqtisadiyyatına ciddi təsir göstərən qlobal epizootik problemdir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə nəzarət mexanizmlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq bu xəstəliyin yayılmasının qarşısını almaqda həlledici rol oynayır".

Избранный
47
1
qht.az

2Источники