RU

Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans keçirilib

Noyabrın 5-də Naxçıvan Muxtar Respublikasında 8 Noyabr- Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərində yerləşən  Zəfər abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Sonra ali təhsil ocağında İncəsənət fakültəsinin tələbələrinin 8 Noyabr- Zəfər Gününə  həsr olunan 60-dan  artıq əl  işlərinin nümayiş olunduğu sərgiyə baxış olub.

Konfransın rəsmi açılış hissəsində dahi rəhbər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov açılış nitqi ilə çıxış edərək, Azərbaycanın müasir tarixində dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ceyhun Cəlilov vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində milli birliyimiz daha da güclənib və 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyi həlledici amil olub. Baş nazir 8 Noyabr- Zəfər Gününün tarixi önəmindən bəhs edib, dünəni, bu günü və sabahı konteksində dəyərləndirib, bu tarixin hər bir azərbaycanlı üçün qürur və minnətdarlıq günü olduğunu ifadə edib. Ceyhun Cəlilov: “Beş il öncə qazanılmış tarixi Zəfər sadəcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də bütün dünyaya sahib olduğumuz əsl gücü nümayiş etdirdi”- deyə, qeyd edib. Baş nazir əlamətdar gün ilə bağlı keçirilən konfransı tarixi qələbəni gələcək nəsillərə milli irs, vətənpərvərlik və strateji düşüncə nümunəsi kimi ötürülməsi yollarını müəyyənləşdirmək, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq proseslərini, iqtisadi inkişaf imkanlarını və “post-müharibə dövrü” strategiyalarını təhlil etməyə yönəlmiş olduqca önəmli elmi mübadilə platforması adlandırıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası  ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunub və beşinci ildir ki,  8 Noyabr -Zəfər Gününü milli qürur duyğusu ilə qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun döyüş meydanında qazandığı qələbə tarixi ədaləti bərpa edib, Azərbaycanı regional güc mərkəzinə çevirib, həm də  informasiya cəbhəsində ölkəmizə qarşı qərəzli kampaniyalarına son nöqtəni qoyub. Bu möhtəşəm Zəfərə ötən illər ərzində ölkədə iqtisadi, siyasi, təhsil, ordu quruculuğu və ideoloji sahədə müəyyənləşdirilən hədəflərin zəmin yaratdığını diqqətə çatdıran rektor vurğulayıb ki, Azərbaycan dünyaya hər zaman  sülh, sabitlik, inkişaf, əməkdaşlıq kimi təməl prinsipləri əsas tutan beynəlxalq aləmdə öz imzası ilə seçilən etibarlı tərəfdaş olduğunu sübut etdi. Elbrus İsayev XXI əsrdə müasir hərb tarixinə öz yeni döyüş təcrübəsini gətirən, Zəfər paradı keçirən tək ölkə olaraq Azərbaycanın regiona gətirdiyi yeni reallıqlardan söz açıb və rektor: “Konfrans 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin hərbi-siyasi, diplomatik, iqtisadi və mədəni aspektlərini elmi müstəvidə araşdırmaq, zəfərin yaratdığı yeni reallıqları və regionda sülhün bərqərar olunmasında rolunu müzakirə etmək məqsədli təşkil olunub”- deyə, qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev, Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə də çıxış edib, 8 Noyabr -Zəfər Gününün tarixi-siyasi önəmindən danışıb, regiona gətirdiyi yeni perspektivlərə diqqət çəkiblər. Natiqlər dövlətimizin heç vaxt torpaqlarımızın işğal faktı ilə barışmadığını diqqətə çatdırıb, tarixi zəfərə aparan yolda dövlət başçısının qətiyyəti və əzmkarlığından, xalqımızın birliyindən bəhs edib, bu gün də ən ali kürsülərdə öz mövqeyinə və prinsiplərinə sadiqliyini əyani şəkildə nümayiş etdirdiyini ifadə ediblər. Eləcə də konfransda səslənən fikirlərin ümumilikdə vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətini daha aydın təsvirini əks etdirdiyini, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının daim yaşadılmalı olduğunu, hər bir azərbaycanlı gəncinin dövlətçiliyə sadiq, vətənpərvər, milli kimliyinə bağlı, sağlam ideologiyaya malik olması gərəkdiyini vurğuladığını bildiriblər.

Konfransın rəsmi hissəsi başa çatdıqdan sonra Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrinin ifasında konsret proqramı  təqdim olunub.

Sonra konfrans öz işini  “Zəfər tarixi və hərbi siyasi irs”, “Tarixi zəfərdən sonra: iqtisadiyyat və yenidənqurma”, “Tarixi zəfərimz mediada”, “Müharibə və sülh proseslərində beynəlxalq hüququn tətbiqi” mövzularında panel müzakirələrlə davam etdirib.

Избранный
22
4
tehsil.biz

5Источники