RU

Gürcüstanlı ekspert: Azərbaycan infrastrukturun modernləşdirilməsi istiqamətində böyük işlər görür

Bakı, 5 noyabr, AZƏRTAC

Zəngəzur dəhlizi Asiya və Avropanı birləşdirən çox mühüm bir körpü rolunu oynaya bilər. O, “Orta Dəhliz” adlanan nəqliyyat xəttinin əsas hissəsini təşkil edir. Məlumdur ki, “Orta Dəhliz” bu gün Avropa və Asiya arasında strateji əlaqələrin inkişafında həlledici rol oynayır.

Xüsusilə 2022-ci ildə Rusiya–Ukrayna müharibəsindən sonra Şimal Dəhlizinin əhəmiyyəti azaldı. Bunun nəticəsində Avropa ölkələri “Orta Dəhliz”in inkişafına daha çox maraq göstərməyə başladılar. Bu dəhlizin inkişafı üçün isə Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri arasında sıx əməkdaşlıq olduqca vacibdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə professoru Valeri Modebadze söyləyib.

O bildirib ki, hazırda Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələri infrastrukturun inkişafına ciddi sərmayə qoyurlar. Bu dəhlizin tam fəaliyyət göstərə bilməsi üçün region ölkələrinin yolların, limanların və nəqliyyat xətlərinin müasirləşdirilməsinə daha çox vəsait yatırmaları mühümdür: "Biz hələ də Sovet dövründən qalmış köhnə və zəif infrastrukturdan istifadə edirik. Ona görə də bu sahədə modernləşmə vacibdir. Gürcüstanda artıq bu istiqamətdə böyük irəliləyiş əldə edilib, yeni yollar və dəmir yolları tikilir. Azərbaycan da eyni istiqamətdə böyük işlər görür".

Modebadzenin sözlərinə, Zəngəzur dəhlizi Avropa və Asiya arasında ən mühüm nəqliyyat marşrutlarından birinə çevriləcək:”Bu dəhliz “Orta Dəhliz”in ayrılmaz hissəsi olacaq və region ölkələrinin iqtisadi və siyasi əlaqələrini daha da gücləndirəcək. Qafqaz ölkələrinin əməkdaşlığı gələcəkdə bu dəhlizin uğurlu fəaliyyətinin əsas şərtidir. Gürcüstan burada həm Azərbaycanla digər Qafqaz ölkələri arasında, həm də regionla Avropa arasında vasitəçi rolunu oynaya bilər. İnanıram ki, bu əməkdaşlıq regionda sabitlik və rifahın möhkəmlənməsinə böyük töhfə verəcək".

Избранный
34
2
azertag.az

3Источники