RU

Moldovada yaşayan azərbaycanlı gənclərin II forumu keçirilib

Kişineu, 5 noyabr, AZƏRTAC

Moldovada yaşayan azərbaycanlı gənclərin II forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Moldovadakı səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə təşkil olunan II Gənclər Forumunda deputatlar, dövlət rəsmiləri, xarici ölkələrin səfirlikləri, universitet rəhbərləri, soydaşlarımız iştirak ediblər.

Zəfər Günü ərəfəsində keçirilən forum Azərbaycan və Moldovanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, Gənclər Forumu Zəfərimizin 5 illiyinə həsr olunub. Diaspor rəhbəri qeyd edib ki, Moldovada yaşayan azərbaycanlı gənclər ölkənin ictimai-siyasi, mədəni və idman sahəsində aktiv fəaliyyət göstərirlər. Bu forum, həmçinin ötən beş ildə Moldova azərbaycanlılarının gördüyü işlərə qiymət verilməsi və perspektiv istiqamətlərin müəyyənləşdirilməsi baxımından önəmlidir.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev çıxında qeyd edib ki, Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla icra edilir. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, geniş dünyagörüşünə malik olması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərin əldə edilməsində gənclərin böyük rolu olub. Səfir, həmçinin vurğulayıb ki, Moldovada yaşayan azərbaycanlı gənclər bu ölkənin cəmiyyətinə uğurla inteqrasiya olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev bildirib ki, Gənclər Forumunun Zəfərimizin beş illiyi ərəfəsində keçirilməsi sevindirici haldır. Birinci forumdan ötən beş ildə Moldovada yaşayan azərbaycanlı gənclər hərəkatı inkişaf edib. “Bu gün qalib Azərbaycanın gəncləri olduqca qürurludur. Gənclər siyasəti Müzəffər Ali Baş Komandan İlham Əliyevin prioritet istiqamətidir. Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan gənclərimizin səmərəli fəaliyyəti istiqamətində dəstəyini davam etdirir”, - deyə Ruslan Quliyev əlavə edib.

Daha sonra forumda çıxış edən Türkiyənin Moldovadakı səfiri Uyqar Mustafa Sertel 44 günlük müharibə nəticəsində əldə edilən Zəfəri Türk dünyasının Qələbəsi adlandırıb. O, eyni soykökə, dilə, dinə, mədəniyyətə və tarixi bağlara malik olan xalqlarımızın sevincli, kədərli günlərində hər zaman bir-birinin yanında olduğunu dilə gətirib. Eyni zamanda, Moldovadakı azərbaycanlı gənclərə fəaliyyətində yeni uğurlar arzulayıb.

Moldova parlamentinin deputatları - İnsan Hüquqları və Millətlərarası Münasibətlər Komissiyasının sədr müavini Natalya Davidoviç, Dövlət Maliyyəsinə Nəzarət Komissiyasının sədr müavini Yevgeni Sinkeviç, həmçinin Moldovanın Təhsil və Tədqiqatlar Nazirliyinin dövlət katibi Sergey Qurin azərbaycanlı gənclərin Moldova cəmiyyətinə uğurlu inteqrasiyasından danışıblar.

Forumda Moldova Azərbaycanlı Konqresinin gənclərinin ötən beş ilə dair hesabatı dinlənilib. Gənclərin idman və səhiyyə sahələrində təqdimatı olub.

Tədbirin sonunda forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir:

“Biz bir neçə gündən sonra Şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Rəşadətli ordumuz Sizin - Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətçiliyimizin müasir tarixinin ən şərəfli səhifəsini yazdı. Xalqımız işğal altındakı torpaqlarını son 200 illik dövrdə ilk dəfə olaraq azad etdi. Azərbaycan gənci Sizin rəhbərliyiniz altında məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək, xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirdi və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazdı.

Bu şərəfi bizə yaşadan müzəffər sərkərdəmizə, qüdrətli Ali Baş Komandanımıza – Sizə minnətdarıq.

Moldovada yaşayan azərbaycanlı gənclər Sizi bir daha əmin edir ki, apardığınız uzaqgörən, praqmatik siyasətiniz ətrafında sıx birləşərək Azərbaycanın inkişafında öz bilik və bacarıqlarını əsirgəməyəcək”.

Forumla bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən moldovalı deputat Natalya Davidoviç deyib: “Forumda iştirak edən istedadlı azərbaycanlı gəncləri görmək xoşdur. Bu gənclər cəmiyyətimizin tərkib hissəsidir. Bu gənclər dövlətimizin gələcəyini müəyyənləşdirəcəklər. Moldova artıq öz yolunu seçib. Bu yol Avropaya inteqrasiya yoludur. Moldovada yaşayan bütün insanlar demokratiya, hörmət, qarşılıqlı etimad kimi dəyərləri bölüşür. Azərbaycanlıların Gənclər Forumu da bu dəyərlərin inkişafına öz töhfəsini verəcək”.

Moldovanın Təhsil və Tədqiqatlar Nazirliyinin dövlət katibi Sergey Qurin isə bildirib ki, azərbaycanlı gənclər Moldovada çox fəaldırlar: “Hətta azərbaycanlılar arasında Moldovaya Olimpiya medalı qazandıran idmançı da var. Etnik azərbaycanlılar, həmçinin Moldovanın Avropaya inteqrasiyasına dəstək verirlər. Biz bunu görürük. Bu istiqamətdə müxtəlif tədbirlərdə iştirak edirlər. Dəstək və tərəfdaşlığa görə, Moldovada yaşayan azərbaycanlılara təşəkkür edirəm”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Избранный
26
1
azertag.az

2Источники