RU

Natiq Cəfərli: “Ay müəllim, ölkəmiz nəinki elektromobil, pulta taxılan batareya belə istehsal edə bilmir...”

Hörmətli nazirlər, məmurlar, hökumət üzvləri, lütfən, açıqlama verərkən bizim məntiqimizlə oynamayın, vətəndaşı ağılsız saymayın. Anlayıram, vəziyyətiniz qəlizdir, absurd qərarları izah etmək çətindir, amma heç olmasa, vətəndaşa, ictimayyətə hörmət edin, ağa-qara deməyin.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

 

“Müstəqil qurum olması lazımsız olan Gömrük Komitəsinin sədri Şahin Bağırov belə bir açıqlama verib, sitat: “Elektromobillər ƏDV-yə cəlb ediləcək. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1700 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”. Voronej İqtisad institutunun, Rusiya Gömrük Akademiyasının məzunu olan Şahin müəllim məntiqi ayaq altına qoyub tapdalayır, ümid edirəm ki, bunu qəsdən etmir. Deməli, ölkəyə 10 aya 1700 elektromobil gəlib, deyir ki, bu azdır, ona görə də ƏDV tədbiq edib 18% qiymətini artırırıq. Qiymətlər 18-20% artacaqsa, deməli elektromobillərə maraq da azalacaq, elə deyilmi?! Əgər dövlətin istəyi marağı artırmaq, ekoloji təmiz elektromobillərin gətirilməsini, satışını stimullaşdırmaqdırsa, deməli ƏDV ləğvi ilə yanaşı, digər təşviq addımları da atır ki, satış çoxalsın. Məsələn, bir çox AB ölkələrində elektromobil alanlar nəinki vergilərdən azad edilir, həm də dövlət onlara dəyərin bir qismini (10-20% arası) ödəyir ki, maraq artsın. Şahin müəllim deyir ki, maraq azdır (halbuki bu maraq məsələsi deyil, alıcılıq qabiliyyəti və şarj infrastrukturunun azlığı məsələsidir), indi biz ƏDV tətbiq edəcəyik ki, maraq daha da azalsın! Fantastik məntiqdir! Daha sonra Şahin müəllim deyir ki, ƏDV tədbiqi daxildə, ölkəmizdə elektromobil istehsalını stimullaşdıracaq. Ay müəllim, ölkəmiz nəinki elektromobil, TV pultuna taxılan batareya belə istehsal edə bilmir, bunu bacarmır, bu bəyanatınız insanların ağlı ilə oynamaq deyilmi?! 15 ildir deyirik, bir daha təkrar edək: Gömrük Komitəsinin ayrıca bir müstəqil dövlət qurumu kimi qalması iqtisadiyyata ziyan vurur, ləğv edilməli, ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Gömrük Komitəsində Rusiyasından gələn hərbiləşdirilmiş (hamısının rütbəsi var - niyə?) gömrük sistemi kökündən dəyişdirilməlidir”, - N.Cəfərli qeyd edib.

Tarix: 5 Noyabr 2025, 14:05   
Избранный
5
2
pravda.az

3Источники