The Intercept nəşrinin məlumatına görə, YouTube platforması İsrailin Qəzza və İordan çayının qərb sahilində həyata keçirdiyi insan haqları pozuntularını ifşa edən yüzlərlə videonu və bir sıra istifadəçi hesablarını silib.
Vətəninfo.az xəbər verir ki, məlumatda qeyd olunur ki, ABŞ hökumətinin İsrailin Fələstində törətdiyi zorakılıqları və müharibə cinayətlərini “ört-basdır etmək cəhdləri” davam edir. Bu çərçivədə YouTube oktyabr ayından etibarən Fələstin mövzulu məzmunlara qarşı genişmiqyaslı silmə kampaniyası həyata keçirib.
Platforma ən azı 700 video və bir neçə insan haqları təşkilatının hesabını silib. Silinən materiallar arasında İsrailin Qəzzada mülki şəxslərin öldürülməsində, fələstinli jurnalist Şirin Əbu Aqilanın ölümündə və Fələstinlilərin evlərinin sökülməsində rolunu sənədləşdirən video sübutlar da olub.
Silinən hesablar arasında Fələstin İnsan Haqları Mərkəzi (PCHR), Al-Haq və Al-Mezan kimi tanınmış təşkilatların YouTube kanalları da var. Həmin videolarda Qəzza və İordan çayının qərb sahilində İsrailin beynəlxalq hüququ pozan hərəkətləri sənədləşdirilirdi.
YouTube sözçüsü Boot Bullwinkle “The Intercept”ə açıqlamasında iddiaları təkzib edərək bildirib ki, şirkət Google-un beynəlxalq sanksiyalar və ticarət qanunvericiliyinə uyğunluq siyasətinə əməl edir:
“Biz tətbiq olunan sanksiyalara uyğun hərəkət edirik və qanunlara riayət etməyə sadiqik.”
Əl-Haq təşkilatının sözçüsü bildirib ki, onların YouTube kanalı oktyabrın 3-də xəbərdarlıq edilmədən silinib. Qrup hesabın bağlanmasını insan haqları prinsiplərinin, ifadə azadlığının və hesabatlılıq prosesinin kobud şəkildə pozulması kimi qiymətləndirib:
“Bu, fələstinlilərin səslərini susdurmaq və onların hesabatlılıq səylərinə mane olmaq məqsədi daşıyır. ABŞ sanksiyaları bu prosesə bəraət qazandırmaq üçün istifadə olunur.”
PCHR təşkilatı isə bəyan edib ki, YouTube-un bu addımı “cinayətkarları məsuliyyətdən qorumaq” məqsədi daşıyır. Təşkilatın beynəlxalq hüquq üzrə müşaviri Basel əl-Sourani deyib:
“Bizim bütün fəaliyyətimiz faktlara və sübutlara əsaslanırdı. Buna baxmayaraq, YouTube icma qaydalarına zidd davrandığımızı əsas gətirərək hesabımızı bağladı.”
“Democracy for the Arab World Now (DAWN)” təşkilatının direktoru Sarah Leah Whitson YouTube-un addımını senzura kimi qiymətləndirib:
“Fələstinli insan haqları təşkilatlarının paylaşdığı məlumatların sanksiyaları pozduğunu iddia etmək əsassızdır. Bu, onların səslərini susdurmaq cəhdidir.”
Nyu-Yorkdakı Konstitusiya Hüquqları üzrə Qeyri-kommersiya Mərkəzinin hüquqşünası Ketrin Qallaqher isə məsələni “qalmaqallı” adlandırıb:
“YouTube-un insan haqlarının pozulması və müharibə cinayətləri ilə bağlı sübutları ictimaiyyətdən gizlətməsi, Tramp administrasiyasının siyasi gündəminə uyğun hərəkət etmək deməkdir.”
Hadisə beynəlxalq aləmdə ifadə azadlığı və rəqəmsal senzura mövzusunda yeni müzakirələrə səbəb olub. Bir çox hüquq müdafiə təşkilatları YouTube-dan silinmiş hesabların və videoların bərpasını tələb edir.