RU

"İlk məqsədimiz yarımfinala yüksəlməkdir" - Millimizin üzvü

style='margin-bottom:10px;'>

Məlum olduğu kimi, dünən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində futzal millimiz ilk oyununda Liviyaya qalib gəlib - 5:4. Millinin təcrübəli üzvlərindən Kənan Manafov gərgin keçən qarşılaşma haqda fikirlərini bölüşüb.

QOL.az-ın məlumatına görə, o, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında əzmkar və istəkli oynadıqlarını deyib: 

“Güclü rəqiblə qarşılaşdıq. Onlar dünya çempionatına vəsiqə qazanmış və təcrübəli futzalçılardan qurulublar. Bizim heyətdə yer alanların əksəriyyəti gənclərdir və beynəlxalq oyun təcrübəsi baxımından onlardan geri qalırdıq. İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi də qısa zaman kəsiyində oldu. Bunlar oyundan öncəki durum idi. Meydanda isə əzmkar, istəkli, sona qədər mübarizə aparan bir kollektiv olduq. “Döyüş”kənliyimizin nəticəsi olaraq sonda qələbə və 3 xal qazandıq”.

Futzalçı növbəti rəqib haqda da danışıb: “Növbəti oyunda Özbəkistan millisi ilə qarşılaşacağıq. Rəqibimiz turnirin favorit komandalarından hesab edilir. Səudiyyə Ərəbistanı ilə görüşlərini izlədik. Liviyadan daha güclü kollektivdirlər. Çətin olacaq, ancaq mübarizəmizi sona qədər davam etdirəcəyik. Qazanılan hər bir qələbə, xal və ya xallar özünəinamı artırır”.

Hücumçu millinin qarşısına qoyulan ilkin tapşırığı da açıqlayıb: “Komandanın hədəfləri var. İlkin tapşırıq qrup mərhələsindən yarımfinala yüksəlməkdir. Addım-addım hədəfə doğru irəliləyəcəyik”.

Futzalçı təşkilatçılığın yüksək olduğunu da qeyd edib: “Təşkilatçılığa gəldikdə, indiyə qədər hansısa problemlə qarşılaşmamışıq. İstər qaldığımız olimpiya kəndindəki şərait, istər qidalanma ilə bağlı vəziyyət, istərsə də oyun və məşq zalları mükəmməldir. Rəhbərlik də daim komandanın yanındadır. Qalır qarşıya qoyulan tapşırığı yerinə yetirmək, Bakıya medalla qayıtmaq”.

Избранный
44
3
teleqraf.com

6Источники