RU

“MTN işi”ndə ikinci soyğun: Zərərçəkənlərin 560 min manatı “Yelo Bank”da yoxa çıxıb

“Bizləri qanunsuz, quldurcasına həbs, ailələrimizi şantaj etməklə külli miqdarda vəsait tələb edib və alıblar. Bu proseslər 1-2 ayın içində baş verib. İndi isə Mövlam Şıxəliyev və başına yığdığı quldur dəstə üzvləri 4 ildir ki, həbsdədirlər. Bizlərə vurulmuş ziyan isə bu günə qədər ödənilməyib. Bizə çatmalı olan 560 min manat vəsaiti də “Yelo Bank”ın balansdan kənar hesabına köçürməklə ələ keçiriblər”, – bu sözləri Musavat.com-a “MTN işi” üzrə zərərçəkmiş Əsfəl Həsənəliyev deyib. 

O bildirib ki, MTN-də onlara qarşı törədilən cinayət bu gün də davam edir:

 “Mövlam Şıxəliyev bizi qanunsuz həbs edib pulumuzu alırdısa, indi də eyni işi müxtəlif maxinasiyalarla digər  məmurlar görürlər. Bu adamlara qarşı xüsusi əməliyyat-istintaq tədbirləri keçirilməsinə ciddi ehtiyac var. Biz Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişik və cinayətlərin araşdırılmasını xahiş etmişik”.

“MTN işi” üzrə Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünün mülki iddia hissəsi hələ də icra edilməyib. Zərərçəkmişlərə çatmalı olan 560 min 302 manat vəsait İbrahim Zeynalovun kredit borcu adı ilə ələ keçirilib.

Məlumata görə, bu əməliyyatda İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədov, idarənin banklarla iş şöbəsinin sabiq əməkdaşı Tural Süleymanov, onun qayınatası Cavidan Hacıyev, Nərimanov Rayon İcra Şöbəsinin rəisi Rəşad Abbasov və icra məmuru Rafael Səfərov əlbir olublar. Onlar heç bir hüquqi əsas olmadan vəsaiti “Yelo Bank” ASC-nin balansdan kənar hesabına köçürüblər.

Rəsmi sənədlərdə əməliyyat “kredit ödənişi” kimi göstərilib, lakin faktiki olaraq heç bir kredit ödənilməyib.

Zərərçəkmişlərin sözlərinə görə, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov rəsmi zəmanət məktubu ilə bəyan edib ki, əgər məhkəmə İbrahim Zeynalovun adına aparılan köçürməni əsassız hesab edərsə, vəsait geri qaytarılacaq.

Lakin Bakı Apellyasiya Məhkəməsinin 7(103)-626/2025 saylı qərarı ilə köçürmənin qanunsuzluğu təsdiqlənsə də, Bank bu pulu geri qaytarmaqdan imtina edir.

Zərərçəkmişlər hesab edirlər ki, bu hadisə təkcə maddi vəsaitlə bağlı deyil,  Azərbaycanın hüquq sisteminə açıq meydan oxumaqdır.

Onlar bildirirlər ki, Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və israf etmə), Mülki Məcəllənin 1099-cu maddəsi (əsassız əldə etmə), eləcə də icra qərarlarının icrasına maneə törətmə halları “Yelo Bank” və bir sıra icra orqanlarının əməkdaşlarının əlbirliyi ilə baş verib.

Ən qalmaqallı məqam isə Cavidan Hacıyevin adının bu əməliyyatda hallanmasıdır. O, vaxtilə Azərbaycan Beynəlxalq Bankından 70 milyon manat kredit götürərək qaytarmadığı üçün 10 il həbs cəzası alıb. Həbsdən çıxdıqdan sonra isə kürəkəni Tural Süleymanov vasitəsilə yeni maliyyə maxinasiyalarında iştirak edib, zərərçəkmişlərin haqqına göz dikib.

Zərərçəkmişlər artıq birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinə və Mərkəzi Banka müraciət ediblər. Onlar “Yelo Bank” ASC-də baş vermiş qanunsuz maliyyə əməliyyatlarının araşdırılmasını, məsul şəxslərin-bank rəhbərliyi və icra orqanlarının əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsini, həmçinin bankda daxili audit aparılmasını tələb edirlər.

Eyni zamanda, 560 min 302 manatın və digər qanunsuz köçürülmüş vəsaitlərin dərhal geri qaytarılması və zərərçəkmişlərə ödənilməsi xahiş olunur.

Zərərçəkmişlərin fikrincə, bu hadisə “MTN işi”nin davamıdır.

Musavat.com yazıda adı keçən bütün tərəflərin – “Yelo Bank” ASC-nin, müvafiq icra orqanlarının və digər şəxslərin mövqeyini dərc etməyə hazırdır.

 

E.MƏMMƏDƏLIYEV,

Musavat.com

Избранный
14
23
musavat.com

10Источники