RU

Azərbaycan Ordusunun qələbəsini qəbul edə bilməyənlər bu gün də eyni mövqedədirlər -ŞƏRH

Naqif Həmzəyev: “AXCP və Müsavat 44 günlük müharibə Zəfərinə kölgə salmağa çalışırdı”

Vətən müharibəsindən əvvəl Azərbaycan Ordusunun Qarabağı azad etməyə qadir olmadığını iddia edən bəzi siyasi qruplar və şəxslər 2020-ci ilin 44 günlük müharibəsində əldə olunan möhtəşəm qələbəni də istehza ilə qarşıladılar. Onlar xalqın illərlə həsrətində olduğu Zəfəri qəbul etmədi, bu tarixi qələbənin miqyasını kiçiltməyə və onun əhəmiyyətini kölgə altına salmağa çalışdılar.
Xüsusilə AXCP və Müsavat partiyalarının rəhbərləri, həmçinin onlara yaxın şəxslər Qarabağda müvəqqəti rus sülhməramlılarının yerləşdirilməsini “Qarabağın itirilməsi” kimi təqdim edərək, döyüş meydanında qazanılmış zəfəri etibarsızlaşdırmağa cəhd göstərdilər. Onların bu fikirləri sosial şəbəkə paylaşımlarında, mediaya verdikləri açıqlamalarda və müxtəlif çıxışlarında aydın şəkildə görünürdü. Əslində isə həmin bəyanatlar cəmiyyətin qələbə sevincini bölüşmək əvəzinə, bu sevincə kölgə salmaq məqsədi daşıyırdı.
Bu qüvvələr uzun illərdir ki, dövlət maraqlarına zidd, dağıdıcı və xəyanətkar mövqe nümayiş etdiriblər. Onların fəaliyyəti təkcə siyasi rəqabət çərçivəsində deyil, həm də milli təhlükəsizlik və birliyimizə qarşı yönəlmiş addımlar kimi dəyərləndirilə bilər. Məhz bu şəxslər “beşinci kolon”un bir hissəsi kimi ölkəni xaosa sürükləmək, cəmiyyət daxilində qarşıdurma yaratmaq, xalqla dövləti üz-üzə gətirmək və nəticə etibarilə Azərbaycanın gücünü sarsıtmaq cəhdlərinin iştirakçıları olublar.

Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a bildirib ki, çox təəssüf ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əldə etdiyi uğurlara kölgə salmaq istəyən AXCP və Müsavat partiyalarının rəhbərləri faktiki olaraq bu zəfərin miqyasını və önəmini kiçiltməyə çalışırdılar:

"Xüsusilə də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki zəfərindən sonra kapitulyasiya aktını imzalaması və digər üç rayonumuzun-Kəlbəcər, Laçın və Ağdamın döyüşsüz şəkildə geri qaytarılmasını təhrif olunmuş şəkildə şərh edirdilər. Eyni zamanda, Üçtərəfli bəyanatın şərtlərindən biri olan rus sülhməramlılarının bölgədə yerləşdirilməsini də “məğlubiyyət” kimi qiymətləndirir, “Rus ordusu buradan heç vaxt çıxmayacaq” kimi xoşagəlməz fikirlər səsləndirirdilər.
Nəticə etibarilə, vaxtilə “Azərbaycan heç bir kəndini belə geri qaytara bilməz” deyən həmin şəxslər sonradan azad edilmiş şəhər və kəndlərin sayını görməzdən gəlir, bu qələbəyə inanmaq istəmirdilər. Hətta sevinmək belə onlara çətin gəlirdi. Lakin şükürlər olsun ki, Azərbaycan dövləti, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində nəinki rus sülhməramlıları ölkə ərazisindən çıxarıldı, hətta Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi. Azərbaycan heç vaxt olmadığı qədər güclü və qüdrətli bir dövlətə çevrildi.
Həmin dövrdə və ondan sonrakı proseslərdə AXCP-Müsavat cütlüyü və bu partiyalarda təmsil olunan bəzi şəxslər “beşinci kolon”un rolunu oynayaraq kənar güclərin maraqlarına xidmət edən fikirləri tirajlamaqla dövlətimizin uğurlarına kölgə salmağa çalışdılar. Azərbaycanda müxtəlif siyasi partiyalar fəaliyyət göstərir. Biz bu partiyaların müxalif mövqedə olmalarına baxmayaraq, ümummilli və taleyüklü məsələlərdə birliyi nümayiş etdirdiklərini 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə gördük, bu gün də görməkdəyik. Qarabağ və Şərqi Zəngəzurun azad olunması, həmçinin "Böyük Qayıdış" proqramı çərçivəsində aparılan quruculuq və abadlıq işlərində bir çox siyasi partiyaların rəhbərləri və nümayəndələri fəal iştirak edirlər.
Lakin adları çəkilən AXCP və Müsavat partiyalarının rəhbərləri və bəzi üzvləri bu proseslərə qoşulmur. Əksinə, onlar Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıqla yanaşır, reallaşan prosesləri görməzdən gəlir və cəmiyyətdə fərqli, təxribat xarakterli fikirlər yaymaqla məşğul olurlar".

Deputat vurğulayıb ki, istənilən halda Azərbaycan xalqı kimin kim olduğunu, kimlərin nəyə və kimə xidmət etdiyini çox yaxşı bilir:
"Xüsusilə də son prezident seçkilərində xalq bir daha yekdilliklə cənab Prezident İlham Əliyevə səs verərək öz mövqeyini nümayiş etdirdi. Sonrakı parlament seçkilərində də xalq Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərdi.
Biz hər zaman cənab Prezidentin ətrafında birləşməyi, dövlətçiliyimizə qarşı yönələn qüvvələrə qarşı birlik nümayiş etdirməyi bacarırıq və bu mövqeyimizi gələcəkdə də davam etdirəcəyik. Azərbaycanın nailiyyətlərinə kölgə salmaq istəyənlər isə ömürləri boyu kənar güclərin maraqlarına xidmət etməkdə davam edəcəklər. Xalq isə onlara layiqli cavabını verəcək. Belə şəxslər Azərbaycan inkişafına kənardan baxaraq təəssüflənəcək və hər zaman bu proseslərdən kənarda qalacaqlar".

Aynur Babazadə
Избранный
35
1
sherg.az

2Источники