RU

Himalay Məmişov: Növbəti il üçün dövlət büdcəsi xərclərinin 25,2 milyard manat olacaq

BAKI, 5 noyabr. TELEQRAF

2026-cı il və sonrakı üç il üzrə büdcə-vergi siyasətinin istiqamətləri müəyyən edilərkən gəlirlər üzrə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, vergi yükünün optimallaşdırılması, vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi kimi çağırışlar nəzərə alınmışdır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında Maliyyə nazirin müavini Himalay Məmişov deyib.

O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsinin xərcləri 41,7 milyard manat həcmində proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, ötən illə müqayisədə isə 4,0 milyard manat və ya 10,6 faiz çoxdur.

Ortamüddətli dövrdə, yəni 2022-ci illə müqayisədə dövlət büdcəsinin xərcləri 9,6 milyard manat və ya 30 faiz artmışdır.

Növbəti il üçün dövlət büdcəsi xərclərinin 25,2 milyard manatı və ya 60,3 faizi cari xərclərə (2025-ci illə müqayisədə 407,0 milyon manat və ya 1,6 faiz çox), 14,1 milyard manatı və ya 33,8 faizi əsaslı xərclərə, 2,5 milyard manatı və ya 5,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2025-ci illə müqayisədə 58,0 milyon manat və ya 2,4 faiz çox) yönəldiləcəkdir.

2026-cı il üzrə cari xərclərin 88,1 faizi qeyri neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaqdır. Bu 2025-ci illə müqayisədə 7,1 faiz-bəndi çoxdur.

Məlum olduğu kimi, xalqın rifahının yaxşılaşdırılması, onun sosial müdafiəsinin gücləndirilməsi Dövlət Başçısının sosial siyasətinin təməlini təşkil edir.

Növbəti il üçün cari xərclərin əsas hissəsi (68.1%) məhz sosialyönlü xərclərin payına düşür.
2026-cı ildə sosialyönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait ayrılacaqdır. Bu 2025-ci illə müqayisədə 213,0 milyon manat və ya 1,3 faiz çoxdur.

Bu xərclərin 89,7 faizi və yaxud 15,4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərin payına düşməklə son 5 ildə (2022-2026-cı illər) 4,4 milyard manat və ya 39,6 faiz artmışdır.

Bildirmək istərdim ki, sosial müdafiə və sosial təminat xərclərinə növbəti il üçün 4,9 milyard manat vəsait ayrılacaqdır”.

Nazir müavini bildirib ki, bu cari ilə nisbətən 121,0 milyon manat və ya 2,6 faiz, ötən ilə nisbətən 722,0 milyon manat və ya 17,4 faiz çoxdur.

Həmin vəsaitin 3,2 milyard manatı və ya 65,3 faizi sosial ödənişlərin və digər sosial təminat xərclərinin payına düşür.

Bildirmək istərdim ki, müavinət və təqaüdlərin ödənilməsi üçün növbəti il 2,1 milyard manat, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi üçün 465 milyon manat, keçmiş məcburi köçkünlərə aylıq müavinətin verilməsi və digər tədbirlər üçün 285,0 milyon manat, sosial cəhətdən həssas qrupdan olan şəxslərə sosial xidmətlərin göstərilməsi məqsədilə 60 milyon manat vəsait nəzərdə tutulur.
Sosial müdafiə və təminat xərclərinin 34,7 faizi və ya 1,7 milyard manatı isə dövlət öhdəliklərinin maliyyə təminatı üçün Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsaitin payına düşür.

Qeyd etmək istərdim ki, son beş ildə (2022-2026-cı illər) sosial müdafiə və sosial təminat xərcləri mütləq ifadədə 1,4 milyard manat və ya 40,7 faiz artmışdır.

2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur. Bu cari illə müqayisədə 68,4 milyon manat və ya 1,3 faiz, ötən illə müqayisədə 658,0 milyon manat və ya 14,3 faiz çoxdur.
Gələn il dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616,0 milyon manat vəsait ayrılacaqdır. Bu cari illə müqayisədə 48,0 milyon manat və ya 8,4 faiz çoxdur.

Həmin vəsaitin 412,0 milyon manatını təhsil xərcləri, 177,0 milyon manatını təqaüd xərcləri, 27,0 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcəkdir.

2022-ci illə müqayisədə təhsil və elmə ayrılan vəsait mütləq ifadədə 1,4 milyard manat və ya 35,7 faiz artmışdır.

Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri də səhiyyə sahəsidir.
Növbəti ildə dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2,0 milyard manat vəsait proqnozlaşdırılır. Bu 2025-ci illə müqayisədə 31,0 milyon manat və ya 1,5 faiz, ötən illə müqayisədə isə 196,0 milyon manat və ya 10,7 faiz çoxdur.

Son beş ildə (2022-2026-cı illər) dövlət büdcəsinin səhiyyə xərcləri mütləq ifadədə 606,0 milyon manat və ya 43 faiz artmışdır.

Ölkəmizin icmal səhiyyə xərclərinə nəzər yetirsək, 2026-cı il üçün icmal büdcənin səhiyyə xərcləri 3,7 milyard manat müəyyən edilmişdir. Bu keçən illə müqayisədə 1,1 milyard manat və ya 40 faiz, 2025-ci il ilə müqayisədə isə 227 milyon manat və ya 6,4 faiz çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərcləri mütləq ifadədə 2,3 milyard manat və ya 2,6 dəfə artmışdır.

2026-cı il üçün səhiyyə sahəsi üzrə xərclərin tərkibində icbari tibbi sığorta üzrə xərclər 2,6 milyard (70 faiz) manat proqnozlaşdırılır. Bu 2024-cü ilin faktiki icrası ilə müqayisədə mütləq ifadədə 407 milyon manat və ya 18,4 faiz, 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 371 milyon manat və ya 16,5 faiz çoxdur.

Bildirilməlidir ki, 2026-cı ildə icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsi məqsədilə gəlirlərinin diversifikasiyası aparılmış, icbari tibbi sığorta haqları, dövlət büdcəsindən ayrılan vəsait və Fondun əvvəlki illərdə formalaşmış ehtiyat vəsaitləri hesabına zəruri maliyyə təminatı tam təmin edilmişdir.

Əsas prioritet xərclərdən olan ölkəmizin müdafiə və təhlükəsizliyinin, o cümlədən ordunun xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində vəzifələrin icrası üçün gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 20,9 faizi həcmində və ya 8,7 milyard manat məbləğində vəsait nəzərdə tutulmuşdur.

Bu cari ilə nisbətən 319,0 milyon manat və ya 3,8 faiz, ötən ilin icra göstəricisi ilə müqayisədə 2,2 milyard manat və ya 32,8 faiz çoxdur.

Müdafiə və təhlükəsizlik üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi son beş ildə (2022-2026-cı illər) mütləq ifadədə 3,8 milyard manat və ya 1,8 dəfə artmışdır.

Növbəti il üçün dövlət büdcəsinin prioritetlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası, ölkənin sosial və iqtisadi həyatına inteqrasiyası üzrə tədbirlər təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın erməni işğalından azad olunması nəticəsində ölkəmiz irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan tarixi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən edilib.

Bu istiqamətdə 2026-cı ildə 3,5 milyard manat vəsait sərf ediləcəkdir.

Dövlət büdcəsi xərclərinin maliyyə təminatı barədə göstəriciləri də diqqətinizə çatdırmaq istərdim.
Gələn il üçün dövlət büdcəsi xərclərinin 92,6 faizi və ya 38,6 milyard manatı büdcənin gəlirləri, 7,4 faizi və ya 3,1 milyard manatı isə onun kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına təmin olunacaqdır.

Dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 253,0 milyon manat və ya 0,7 faiz, ötən ilin icra göstəricisi ilə müqayisədə isə 1,4 milyard manat və ya 3,9 faiz çox olacaqdır.

Gəlirlərin 22,2 milyard manatı və ya 57,5 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaqdır. Bu cari illə müqayisədə 2,1 milyard manat və ya 10,6 faiz çoxdur. Həmçinin, qeyd olunmalıdır ki, qeyri-neft sektoru üzrə daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi cari ilə nisbətdə 5.1 faiz bəndi (57.4 vs 52.3) artımışdır.

Növbəti il neft-qaz sektorundan məcmu gəlirlər 16,4 milyard manat proqnozlaşdırılır. Bunun 3,6 milyard manatı beynəlxalq konsorsiumlara daxil olan şirkətlərin və Dövlət Neft Şirkətinin, 12,8 milyard manatı isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard olmaqla, ümumi daxili məhsulun 2,3 faizinə bərabərdir.

Gələn il üçün icmal büdcənin gəlirləri 45,0 milyard manat, cari ilə nisbətən 1,0 milyard manat və ya 2,3 faiz çox, xərcləri 48,8 milyard manat, cari ilə nisbətən 1,2 milyard manat və ya 2,5 faiz çox, kəsiri 3,9 milyard manat məbləğində nəzərdə tutulur.

Qeyd etmək istərdim ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 63 faizə bərabərdir. Ortamüddətli dövr üçün hədəfimiz 69 faizə çatmaqdır. İcmal büdcənin qeyri-neft baza kəsiri isə cari ildən 3,4 faiz bəndi az olmaqla, qeyri-neft ÜDM-in 19 faizinə bərabərdir. Vurğulamaq lazımdır ki, bu fiskal qaydada tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Ortamüddətli dövrdə hədəfimiz 13 faizdir.

Dövlət Neft Fondunun gəlir və xərcləri təxminən eyni səviyyədə, yəni 13,0 milyard manat məbləğində, İcbari Tibbi Sığorta Fondunun gəlirləri 2,0 milyard manat, xərcləri 2,6 milyard manat həcmində proqnozlaşdırılır.

Qeyd olunan fondların büdcələrinin kəsiri onların formalaşdırdıqları rezervləri hesabına həyata keçiriləcəkdir.

Himalay Məmişov vurğulayıb ki, növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483,0 milyon manat məbləğindədir.

Muxtar Respublikaya 2026-cı il üçün dövlət büdcəsindən 211,6 milyon manat həcmində dotasiya nəzərdə tutulur. Dotasiyanın həcmi cari ilə nisbətən 74,0 milyon manat və ya 26 faiz azalmışdır. Buna səbəb Muxtar Respublikanın gəlirlərinin 52,0 milyon manat və ya 23,7 faiz artımı, xərclərinin isə 22,0 milyon manat optimallaşdırılmasıdır.

Bu gün müzakirənizə çıxarılmış 2026-cı il üçün dövlət və icmal büdcələrinin layihələri Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi əsas prioritetlərin, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkəmizin müdafiəsi və milli təhlükəsizliyi, böyük qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin hərtərəfli inkişafı və digər əsas hədəflər üçün maliyyə təminatını tam formalaşdırır”.

Избранный
24
teleqraf.com

1Источники