RU

“Ramiz Mehdiyevin kölgəsində süni intellekt qurmaq olarmı?” – İsa Həbibbəylinin AMEA-sı…

Elmdə yeni çağırış: Süni intellekt dövrünə İsa Həbibbəyli ilə getmək olmaz

Prezident İlham Əliyevin AMEA-nın 80 illiyindəki çıxışı elmi idarəçilikdə islahatların labüdlüyünü göstərdi

KONKRET.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 80 illiyi münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, ölkəmizdə elmi idarəetmənin yeni mərhələyə keçməsi üçün ciddi siqnal oldu.

Dövlət başçısının “ölkəmizdə süni intellekt sahəsində xüsusi yanaşma olmalıdır” sözləri yalnız texnoloji məsələ deyil, həm də düşüncə və idarəetmə fəlsəfəsinin dəyişməsi anlamını daşıyır.

AMEA-nın idarəçiliyi: keçmişin kölgəsi

Uzun illərdir ki, AMEA bir elmi yaradıcılıq mərkəzi olmaqdan çox, inzibati aparat təsiri bağışlayır. Burada elmi nəticələrdən çox, şəxsi münasibətlər və formal hesabatlar ön plana çıxıb.

Bu mənzərəni dəyişmək üçün rəhbərlikdə yeni nəsil, texnologiyaya və elmi innovasiyaya açıq insanlar olmalıdır. Lakin mövcud vəziyyət bunu deməyə əsas vermir.

AMEA-nın prezidenti İsa Həbibbəylinin bu strukturun başında qalması cəmiyyətdə ciddi müzakirələr doğurur. Çünki o, uzun illər Ramiz Mehdiyevin qurduğu ideoloji idarəçilik sisteminin tərkib hissəsi kimi tanınıb. Bu sistemdə əsas dəyər elmi nəticə yox, sədaqət olub.

Belə bir mühitdə süni intellektdən, innovasiyadan, elmi tərəqqidən danışmaq yalnız formal bəyanatlardan ibarət qalır. Halbuki Prezidentin mesajı aydındır: Azərbaycan elmini forma üçün deyil, məzmun üçün yeniləməlidir.

Süni intellekt – yalnız texnologiya deyil, düşüncə mədəniyyətidir

Süni intellekt təkcə proqramlaşdırma və alqoritm məsələsi deyil. Bu, düşüncə inqilabıdır. Yeni ideyalar, sərbəst müzakirə mühiti və gənc tədqiqatçılara etimad olmadan bu istiqamətdə irəliləyiş mümkün deyil.

Əgər elmi idarəçilikdə hələ də “kim səni göndərib?” sualı “nə ixtiran var?” sualından daha vacib hesab olunursa, biz süni intellekt əsrinə qədəm qoya bilmərik.

İslahat milli təhlükəsizlik məsələsi kimi

Elmin və texnologiyanın inkişafı artıq yalnız akademik məsələ deyil. Bu, dövlətin təhlükəsizliyi, iqtisadi rəqabət qabiliyyəti və beynəlxalq nüfuzu ilə birbaşa bağlıdır. Süni intellekt sahəsində geridə qalmaq gələcəyə məğlub olmaq deməkdir.

Prezidentin çıxışı bu mənada xəbərdarlıq xarakteri daşıyırdı: Elmdə köhnə düşüncəyə, şəxsi maraqlara və inzibati intriqalara yer yoxdur.

Bu baxımdan Azərbaycan elminin yenilənməsi yalnız texniki modernləşmə ilə deyil, həm də rəhbər təfəkkürünün dəyişməsi ilə mümkündür. AMEA-da bu dəyişiklik baş vermədiyi təqdirdə, süni intellektin inkişafı barədə danışmaq mənasız olacaq.

İsa Həbibbəylinin köhnə elmi-administrativ sistemin siması kimi qalması islahatlara ən böyük maneədir.

Bəli, artıq Azərbaycan süni intellekt dövrünə qədəm qoyub. Amma bu dövrə keçmək üçün əvvəlcə elmdəki süni maneələri aradan qaldırmaq lazımdır. Elm gənc düşüncəyə, azad mühitə və yenilik ruhuna ehtiyac duyur.

Əgər süni intellekt yaratmaq istəyiriksə, əvvəlcə düzgün qərar verməliyik.

KONKRET.az-ın analitik qrupu

Избранный
35
2
konkret.az

3Источники