RU

İrakli Kobaxidze: Gürcüstan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməyə hazırdır

Tbilisi, 5 noyabr, AZƏRTAC

Gürcüstan Orta Dəhliz vasitəsilə Çin və Avropa arasında daşınma marşrutunun inkişafı və nəqliyyat axınlarının artırılması istiqamətində əməkdaşlığı davam etdirməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Çin artıq Gürcüstanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib və 2018-ci ildən qüvvədə olan azad ticarət sazişi iki ölkə arasında iqtisadi əməkdaşlığın sürətli inkişafına təkan verib.

İ.Kobaxidze qeyd edib ki, 2025-ci ilin ilk doqquz ayında Çin ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,6 milyard dollara çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz çoxdur.

2024-cü ildə Orta Dəhliz ilə daşınan yüklərin həcmi əvvəlki illə müqayisədə 15 dəfə artıb, 2025-ci ilin yanvar–avqust aylarında isə konteyner daşımalarında 71 faizlik artım qeydə alınıb.

“Gürcüstan Orta Dəhliz vasitəsilə Çin və Avropa arasında nəqliyyat əlaqələrinin dərinləşdirilməsi istiqamətində səylərini davam etdirməyə sadiqdir”, – deyə Baş nazir bildirib.

İrakli Kobaxidze əlavə edib ki, 2025-ci ildə Çin investisiyalarında da əhəmiyyətli artım qeydə alınıb. Enerji, nəqliyyat-logistika sektorlarında Çin şirkətlərinin fəal iştirakı diqqət çəkir.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
25
azertag.az

1Источники