RU

Dörd rayonda 12 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Zaqatala, Biləsuvar, Xocalı və Beyləqan Rayon Mərkəzi xəstəxanalarında uşaqların ilkin müayinələrini həyata keçirib.

TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzi xəstəxanaların tibb heyəti tərəfindən yanvar-sentyabr ayları ərzində 12 min 296 uşaq icbari dispanserizasiyaya cəlb olunub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 8 min, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 3 min 440, Xocalı Rayon Mərkəzi Xəstəxanasının heyəti tərəfindən 773, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən isə 83 uşaq müayinə edilib.

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim olunub. Həmin uşaqlara qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçmək və aşkarlanan xəstəliklərin müalicəsinə başlamaq tövsiyə olunub.

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq davam etdirilir.

İcbari dispanserizasiyanın əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər - pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər həkimlər tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
azertag.az

2Источники