RU

Zəfər muzeyində bunlar əks olunacaq- ÖZƏL

"Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i ölkəmizdə  Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev deyib: "Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdır. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirildi. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək.  Muzeydə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ümummilli Lider Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində bölgənin inkişafı və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi siyasətə dair materiallar əks olunacaq. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanacaq. Muzey ekspozisiyaları müxtəlif interaktiv təqdimatlarla müşayiət olunaraq ziyarətçilərə əyani və təsirli şəkildə təqdim ediləcək. Muzeyin konsepsiyası, burada yaradılacaq bölmələr həmçinin 44 günlük Vətən müharibəsindəki bəzi strateji əhəmiyyətli hərbi əməliyyatların interaktiv təqdimatı ziyarətçilərə Qarabağın tarixi, münaqişənin ilk günündən başlayaraq zəfərlə nəticələnən şanlı yol barədə dolğun təsəvvür formalaşdıracaq və bu tarixi prosesləri yenidən yaşamağa imkan verəcək. Muzeydə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, bölgənin sürətli dirçəlişini əks etdirən xüsusi bölmə də təqdim olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники