RU

“Azərbaycanın suverenliyi regional sabitliyin əsas dayağına çevrilib” - Zahid Oruc

"Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və dövlət suverenliyinin təmin olunması təkcə ölkəmiz üçün deyil, bütün region üçün mühüm siyasi hadisədir". 

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.

Onun fikrincə, bu hadisə Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq mühitinin yaranmasına təkan verib.

Deputat qeyd edib ki, Azərbaycan bu gün artıq post-münaqişə mərhələsində yeni çağırışlara cavab verir:

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan nəinki öz milli maraqlarını qoruyub, həm də region ölkələrinə qarşılıqlı etimad atmosferi yaradıb. Bu, regionda geosiyasi balansı bərpa edib".

Zahid Orucun sözlərinə görə, Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində ardıcıl addımlar atmaqla həm Ermənistanı, həm də beynəlxalq ictimaiyyəti real əməkdaşlıq müstəvisinə dəvət edir.

“Sülh təkcə hərbi əməliyyatların dayanması demək deyil. Bu, yeni iqtisadi, diplomatik və humanitar imkanların yaranması anlamına gəlir. Azərbaycan artıq bu prosesin əsas aparıcı qüvvəsidir,” – deyə deputat bildirib.

O vurğulayıb ki, ölkəmizin regional nüfuzu hərbi və iqtisadi güclə yanaşı, diplomatik çevikliyə əsaslanır. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin və tərəfdaşlığın simvoluna çevrilib.

Əli Hüseynov

Избранный
31
1
bakivaxti.az

2Источники