RU

Yağışlı hava ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı və çiskinli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Doğru.az xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə şəraitdə yol örtüyü sürüşkən olur, görmə məsafəsi məhdudlaşır və tormoz məsafəsi uzanır ki, bu da həm sürücülər, həm də piyadalar üçün əlavə çətinliklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək hava və yol şəraitinə uyğun ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı, həmçinin avtomobilin texniki sazlığını — xüsusilə işıq cihazları və şüşəsilənləri — yoxlamağı tövsiyə edib.

Eyni zamanda, idarə piyadalara da müraciət edərək, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməyi, səki ilə hərəkət etməyi və açıq rəngli, işıq əks etdirici geyimlərə üstünlük verməyi tövsiyə edib. Bu, onların yolda daha tez görünməsini və təhlükəsizliyini təmin edir.

BDYPİ hərəkət iştirakçılarını ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda təhlükəsizliyi ön planda saxlamağa çağırır.

DOĞRU.AZ

Избранный
25
27
dogru.az

10Источники