RU

Bakı Tbilisi Qars regional nəqliyyat habına çevrilir

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Türk dövlətləri dəmir yolundan istifadəni genişləndirmək niyyətindədir

Bu günlərdə Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında TDT dövlət başçılarının 2024-cü ildə qəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmiş Qəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə multimodal nəqliyyat daşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistika əməliyyatlarının təşviqi və rəqəmsallaşdırılması, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin imkanlarından istifadənin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin potensialı kimi məsələlər müzakirə edilib.

BTQ-nin Zəngəzur dəhlizinə inteqrasiyası gerçəkləşir

Son illərdə türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə xüsusi önəm verən Azərbaycan nəqliyyat-liman infrastrukturlarının müasirləşməsinə böyük həcmdə sərmayə qoyub. Açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməklə, region ölkələrinin, o cümlədən türk regionu coğrafiyasının logistikalarının açıq qapısı hesab olunur. Orta Dəhlizin ən axıcı hissəsinə çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşıma qabiliyyətinin həcmi 5 milyon tona çatdırılıb, bu nəhəng tranzit qovşağının gücünün 2 dəfə artırılması nəzərdə tutulur. Zəngəzur dəhlizi də artıq “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi olan Orta Dəhlizin ayrılmaz qolu hesab edilir ki, bu da BTQ və bu nəqliyat blokuna inteqrasiya olunmuş infrastrukturlar vasitəsilə TDT-nin daşınmalarda qlobal payını daha da artıracaq.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan, həm də türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir. Bütün bu potensial arxitektura TDT dövlətlərinin ortaq logistika habı olan Orta Dəhlzidə daha sıx inteqrasiyasını dərinləşdirir. Dəhlizlə aparılan daşınmalar isə dayanmadan artır, rekord göstəricilərə yaxınlaşır. Bütün bunlar BTQ-nin flaqman polad magistral kimi yeni nəqliyyat bağlantılarındakı əlaqələndirici rolunu və əhəmiyyətini əks etdirir.

Qars-İğdır-Naxçıvan dəmir yolu türk dünyasının körpüsü olacaq

BTQ-nin türk dövlətləri üçün digər mühüm qolu Qars-İğdır-Naxçıvan dəmiryolu xəttidir. Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti (Qars-İğdır-Naxçıvan) Prezident İlham Əliyevin irəli sürdüyü növbəti beynəlxalq əhəmiyyətli iqtisadi layihə olmaqla, Zəngəzur dəhlizinin tərkib hissəsi hesab edilir. Bakı-Tbilisi-Qars polad magistralının davamı kimi nəzərdə tutulan yeni xəttin gerçəkləşməsi üçün 2020-ci ildə Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalanıb. 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri dəmir yolu layihəsinə dair Niyyət Protokolunu imzaladıqdan sonra layihənin reallaşdırılması istiqamətində əsaslı hüquqi bünövrə qoyulub. Hazırda uzunluğu 224 kilometr, 5 stansiyadan ibarət olacaq Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin çəkilişi tamamlanmağa yaxındır və sözügedən dəmiryolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Qars-İğdır-Naxçıvan Orta Dəhlizə daxil olan digər trans-nəqliyyat layihələrinin də vacib qovşağı olmaqla təkcə Türkiyə və Naxçıvanı, Azərbaycanı birləşdirməyəcək, bütün türk dövlətlərini əhatə etməklə Avropa ilə Asiyanın ticarət körpüsünün bir hissəsini təşkil edəcək.

TDT-nin “Rəqəmsal İpək Yolu” və “Digital Hub”u

Tədbirdə TDT-yə üzv dövlətlər tarif siyasəti və sərhəd-keçid məntəqələrinin buraxıcılıq qabiliyyətinin artırılması barədə məsələyə toxunublar ki, bu da dəmir yolu infrastrukturunun rəqəmsallaşması yönündə zəruri addımların atılmasını ehtiva edir. İştirakçılar, həmçinin nəqliyyat əməliyyatlarının səmərəliliyinin artırılması və TDT regionu daxilində tranzit marşrutlarının rəqabətqabiliyyətinin təmin olunması üçün əlaqələndirilmiş tədbirlərin görülməsinin və region boyunca dayanıqlı və fasiləsiz nəqliyyat zəncirlərinin yaradılmasının zəruriliyini vurğulayıblar.

Bu prioritetlərə çatmaq üçün türk dövlətləri müasir rəqəmsal texnologiyaların və kommunikasiya bağlantılarının yaradılmasına nail olmaq niyyətindədır. Bu məqsədlə çoxşaxəli “Rəqəmsal İpək Yolu” layihəsi hazırlanıb. Həmin layihə müasir dünyada ən innovativ platformalardan biri olan “Digital Hub”u formalaşdırmaqla türk dövlətlərinin rəqəmsal iqtisadiyyat blokunda sıx birləşməsinə əlverişli imkanlar yaradacaq.

Yeri gəlmişkən, 2024-cü ilin iyul ayında Şuşada imzalanmış Qarabağ Bəyannaməsinin əsas bəndlərindən biri türk ölkələrinin elektron və rəqəmsal ticarət sistemlərinin vahid platformada birləşdirilməsidir. Bu məqsədlə türk dövlətləri qarşıdan gələn illərdə ticarət həcmini həqiqi potensiala çatdırmaq üçün ticarətdə texniki maneələrin aradan qaldırılmasını və Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) tələblərinə uyğun olaraq güzəştli rejimlərin tətbiqini əsas həll yollarından biri hesab edirlər. Qarabağ Bəyannaməsində bununla bağlı bənddə DEPA üzrə səmərələşdirici təkliflərin hazırlanması və yaxın müddətdə tamamlanması nəzərdə tutulub. TDT ölkələri arasında rəqəmsal infrastrukturların vahid məkanda birləşdirilməsi isə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin də formalaşmasını təmin edəcək.

Türk dövlətlərinin vahid nəqliyyat-logistika zənciri qurulur

Ümumilikdə, türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid nəqliyyat-logistika zəncirində birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artırmaq niyyətindədir. Həmin hədəf xətlərindən biri qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. “Rəqəmsal İpək Yolu” adlanan bu layihənin məramı Türk dövlətlərini dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hub” ətrafında sıx birləşdirməkdir. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər fiberoptik kabel xəttinin çəkilişinin 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Beləliklə, “Rəqəmsal İpək Yolu” layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək. Nəticədə bu bağlantıların bir zəncirdən idarə olunması böyük bir coğrafiyada iqtisadi-ticari potensialın yaranmasına və rəqabətliliyin daha da güclənməsinə səbəb olacaq, türk respublikalarının dünya iqtisadiyyatına inteqrasiyasını dərinləşdirəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
yeniazerbaycan.com

2Источники