RU

Baş nazirliyə iddialıların siyahısında tək sülh tərəfdarı

Paşinyan “Qarabağsız Ermənistan” şüarı ilə seçkiyə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini rəsmi şəkildə bəyan edib. O, iqtidarda olan Vətəndaş Müqaviləsi Partiyasından öz namizədliyini irəli sürüb. Baş nazirin seçkilərdə iştirak qərarı onun rəhbərlik etdiyi partiyanın son aylarda üzləşdiyi təzyiqlər, kilsə ilə açıq qarşıdurma və müxalifətin küçə etirazları fonunda verilib. Paşinyan çıxışında bildirib ki, partiyası ölkəni “müharibə və revanşizm təfəkküründən xilas etmiş yeganə siyasi qüvvədir” və seçkilərdə bu siyasətin davamı üçün mübarizə aparacaq: “Biz müharibəni yox, sülhü seçdik. Biz nifrəti yox, inkişafı seçdik. 2026-cı ildə xalq yenidən kiminlə gələcəyə getmək istədiyini göstərəcək”.

Nikol Paşinyan illik “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” adlı beynəlxalq forumda çıxışı zamanı bildirib ki, siyasi mənada Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb, lakin sosial-psixoloji baxımdan o davam edir, Azərbaycanla Ermənistan arasında artıq sülh qurulub, lakin əsas çətinlik indi diplomatiyada deyil, "yeni reallığı" dərk etməkdədir.

Baş nazir həmçinin deyib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə potensial qayıtması Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhə təhlükə yarada bilər: “Qarabağa ermənilərin qayıtması "sülh üçün risk" olardı. Bu məsələ, ümumiyyətlə, təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir. Sülh yeni doğulmuş uşaq kimidir qayğı tələb edir. Biz sülh müqaviləsi imzalamalı, sərhədi delimitasiya etməli və bir-birimizi tək qoymalıyıq".

Artıq

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, 2026-cı il parlament seçkilərində baş nazirliyə namizədlər arasında müharibə deyil, sülh vəd edən yeganə şəxs Nikol Paşinyandır: “Seçkilərdə iştirakla bağlı namizədliyini Ermənistanın sabiq prezidenti Robert Köçəryan, sabiq ombudsman Arman Tatoyan, hazırda həbsdə olan milyarder Samvel Karapetyan, David Ambarsumyan da irəli sürüb. Siyahının genişlənəcəyi gözlənilir. Hələ ki namizədliyini irəli sürən şəxslər, Nikol Paşinyan istisna olmaqla, Azərbaycanla sülhün əleyhinə olan, revanşist mövqedə olan şəxslərdir. Faktiki olaraq indidən gün kimi aydındır ki, Ermənistanda seçkilər müharibə tərəfdarları ilə sülh tərəfdarı arasında mübarizə şəraitində keçəcək. Seçicilər sanki bülletendə "sülh" və “müharibə” yazısının qarşısında münasibətlərini qeyd etmiş kimi olacaqlar".

Politoloq dedi ki, hazırkı mənzərəyə görə 2026-cı il parlament seçkiləri Paşinyanla revanşist qüvvələrin arasında amansız mübarizə ilə xarakterik olacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”


Избранный
62
musavat.com

1Источники