RU

Şəhid Anası: “Bu dərd bizimdir, amma biz həm də Zəfəri yaşamağı bacarmalıyıq”

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində qızıl hərflərlə yazılmış ən şanlı səhifələrdən biridir. Bu gün Azərbaycan Ordusunun erməni işğalçıları üzərində qazandığı möhtəşəm qələbənin, xalqın birliyinin və dövlətimizin gücünün rəmzidir.

Bu münasibətlə “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova QHT.az-a açıqlama verib:

“İlk baxışda Azərbaycan xalqını, şəhid ata və analarını, ailə üzvlərini, qəhrəman qazilərimizi, müharibə iştirakçılarını – hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm, onlara can sağlığı arzulayıram. Şəhid ailə üzvlərinə möhkəm səbr, dözüm arzulayıram. Bu dərd bizimdir, bunu çəkməyi bacarmaq da lazımdır. Allah bu dərdi də bacarana verir. Dərdi çəkməyimizi, Zəfəri yaşamağımızı da bacarmalıyıq.”

Ceyran Həsənova bildirib ki, şəhid ailələri hər zaman güclü və məğrur olmalıdır:

“Mən hər zaman deyirəm: şəhid ailələri güclü, qüdrətli olsun, məğrur dayansın, çünki düşmənin gözü hələ də bizdədir. Allah xalqımıza bir daha belə acı günlər nəsib etməsin. Çünki yetərincə acı günlər yaşadıq. Azərbaycan xalqının başına gətirilən o faciələr bizim qan yaddaşımızdır. Bu ağrılı tarixlər gələcək nəsillərə unudulmaz dərs kimi ötürülməlidir. Gələcək nəsil bu qan yaddaşımızı heç vaxt unutmasın. Bu elə bir tarixdir ki, qəlbimizdən, yaddaşımızdan silinməyəcək qədər acı xatirələrlə doludur. Bundan sonra atəş səsləri eşidilməsin, gənc nəsil açıq səma altında firəvan və rahat yaşasın.”

 

Pərvanə Fərhadqızı

Избранный
37
qht.az

1Источники