RU

Azərbaycan sülhməramlıları bu qərarı gözləyir

ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza barədə qətnamə layihəsi təqdim edib

Layihə Qəzza zolağına beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur

Noyabrın 3-də ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasında bir neçə ölkəyə Qəzza zolağında ən azı iki il müddətinə beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsi təqdim ediblər. Ayna.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşrin məlumatına görə, qətnamə layihəsi “ABŞ-yə və digər iştirakçı ölkələrə Qəzza zolağını idarə etmək və 2027-ci ilin sonuna qədər təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyətlər verir, lakin uzadılma ehtimalı var”.

ABŞ rəsmisi sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunacağını bildirib. Ağ Ev administrasiyası qətnamənin daha sonra səsverməyə çıxarılmasını və beynəlxalq qüvvələrin Fələstin anklavına yerləşdirilməsinin yanvar ayına qədər başlamasını istəyir.

Qətnamə layihəsi “Qəzza zolağının İsrail və Misirlə sərhədlərinin təhlükəsizliyini təmin edəcək, mülki şəxsləri və humanitar dəhlizləri qoruyacaq və əməkdaşlıq edəcəkləri yeni Fələstin polis qüvvələrini yetişdirəcək” beynəlxalq qüvvələrin yaradılmasını nəzərdə tutur. Bu qüvvələr həmçinin “Qəzza zolağının silahsızlaşdırılması, o cümlədən hərbi, terrorçu və hücum infrastrukturunun məhv edilməsi və yenidən qurulmasının qarşısının alınması”, eləcə də anklavda fəaliyyət göstərən qrupların silahlarının müsadirə edilməsindən məsul olacaqlar.

Yada salaq ki, rəsmi Bakı ABŞ-nin istəyi əsasında Azərbaycan hərbçilərinin Qəzzada sabitlik qüvvələrinin tərkibində iştirakı üçün BMT Təhlükəsizlik Şurasının qərarına ehtiyac olduğunu bildirib. Yəni beynəlxalq qüvvələrin legitimliyi və mandatı olmalıdır. 

 “İsrail-Hayom” qəzetinin məlumatda bildirilir ki, Qəzzaya göndəriləcək sülhməramlıların özəyini Azərbaycan və İndoneziya təşkil edə bilər. İndoneziyanın sülhməramlı qüvvələrdə iştirak təcrübəsi böyükdür. İndoneziya təkid edir ki, missiyada yalnız BMT-nin Təhlükəsizlik Şurasının qərarı  olacağı təqdirdə iştirak edəcək. “İsrail Hayom” yazır ki, HƏMAS Qəzzada qaldıqca Azərbaycan qoşunları oraya girməyəcək. Qəzetin yazdığına görə, İndoneziya, Azərbaycan, İordaniya və Mərakeş də daxil olmaqla, Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin potensial iştirakçıları HƏMAS silahlı strukturlarını saxladığı müddətdə qoşun göndərməyə hazır deyillər. 

Qeyd edək ki, bu münaqişəni həll etmək üçün ilk cəhdlər 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının Fələstin üçün Bölmə Planında ön əksini tapıb. Lakin sənəd iki tərəf arasında problemlərin daha da alovlanmasına səbəb olub. Nəticədə 1947-1949-cu illəri əhatə edən İsrail-Fələstin müharibəsi başlayıb. Həmin müharibədən sonra müəyyən sakitlik dövrü olsa da, 1967-ci ildə altı günlük İsrail-Fələstin müharibəsi baş tutub. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS-ın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum olub. İsrail cavab olaraq iki il anklavda qətliamlar həyata keçirib. 

Qeyd edək ki, Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak etməkdədir. Belə ki, 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı  NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib. 

Azərbaycan sülhməramlı bölüyü 2003-2008-ci illərdə 152 nəfərlik şəxsi heyətlə İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edib. 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Türk taboru tərkibində fəaliyyət göstərib. Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb. Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir.

“Yeni Müsavat” 

Избранный
36
musavat.com

1Источники