RU

Qeyri-neft sektorunda artım tendensiyaları davam edir

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı və bu sahənin ixrac potensialının artırılması son illərdə prioritet istiqamətlərdən birinə çevrilib. Dayanıqlı iqtisadi artımın təmin olunması, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və dünya bazarlarında milli məhsulların mövqelərinin möhkəmləndirilməsi bu strategiyanın əsas hədəflərini təşkil edir. Qeyri-neft ixracının strukturunda müşahidə olunan müsbət dinamika iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticəsi kimi qiymətləndirilir. Müxtəlif sənaye və kənd təsərrüfatı sahələrində istehsal imkanlarının artması, daxili emal potensialının gücləndirilməsi və logistika infrastrukturunun təkmilləşdirilməsi ixracın coğrafiyasını və çeşidini genişləndirib.

Eyni zamanda, ixracyönümlü fəaliyyətin dəstəklənməsi, sahibkarlığın stimullaşdırılması və beynəlxalq ticarət əlaqələrinin dərinləşdirilməsi ölkənin qeyri-neft sektorunu yeni inkişaf mərhələsinə daşıyır. Bu proses Azərbaycanın regional və qlobal iqtisadi sistemdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Xarici iqtisadi münasibətlərin inkişaf etdirilməsi, ticari əlaqələrin beynəlxalq miqyasının artırılması üçün əsas şərtdir. Azərbaycanın Avropa və Asiyanın kəsişdiyi çox uyğun bir coğrafi mövqeydə yerləşməsi onun bu siyasətinin daha uğurlu olmasına zəmin yaradır. Artıq dünya bazarında Azərbaycanda istehsal edilən mallara böyük maraq yaranıb. Hazırda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın bir çox ölkələri ilə ticarət əməliyyatları aparırlar. Qeyri-neft ixracında müşahidə olunan artım tendensiyaları həm məhsul müxtəlifliyinin, həm də bazar istiqamətlərinin genişlənməsi ilə səciyyələnir.

Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.7% artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20,5% artaraq 841,4 milyon ABŞ dollarına bərabər olub. Cari ilin doqquz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 14,9 milyon ABŞ dolları və ya 46,9%, meyvə-tərəvəz 143,7 milyon ABŞ dolları və ya 31,3%, kimya sənayesi məhsulları 45,6 milyon ABŞ dolları və ya 22%, pambıq iplik 2,7 milyon ABŞ dolları və ya 12,5%, çay 159,4 min ABŞ dolları və ya 3,3%, alüminium və onlardan hazırlanan məmulatlar 3,9 milyon ABŞ dolları və ya 2,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 708,1 min ABŞ dolları və ya 1% artıb.

İxrac siyahısında qızıl birincidir

2025-ci ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,8% artaraq 667,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 233,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,2% artaraq 900,2 milyon ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (238 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (157,2 milyon ABŞ dolları) ikinci, pambıq lifi (134,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (27.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (17.1 milyon ABŞ dolları) ikinci, meşə fındığı (12,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan, Ukraynaya qeyri-neft məhsulları ixrac olunub

Cari ilin doqquz ayında Rusiya Federasiyasına 878,9 milyon ABŞ dolları, Türkiyəyə 435,8 milyon ABŞ dolları, İsveçrəyə 247,8 milyon ABŞ dolları, Gürcüstana 244,8 milyon ABŞ dolları, Ukraynaya isə 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin sentyabr ayında Rusiya Federasiyasına 64,8 milyon ABŞ dolları, Türkiyəyə 41,1 milyon ABŞ dolları, Gürcüstana 28,4 milyon ABŞ dolları, İsveçrəyə 27,7 milyon ABŞ dolları, Ukraynaya isə 15,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "Prime Cotton” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, “STP Alüminium” MMC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, “TABATERRA” QSC. "P-AQRO" MMC, “HOPER” Məhdud Məsuliyyətli Cəmiyyəti təmsil olunublar.

Siyahıya SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “Socar-Dalğıc” MMC,"İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti təmsil olunublar.

“Azərkosmos” dünyanın 35 ölkəsinə xidmət edib

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 13,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,6 milyon ABŞ dolları ilə Lüksemburq, 717,6 min ABŞ dolları ilə İsveç, 635,8 min ABŞ dolları ilə Nigeriya, 614,3 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

Orxan Vahidoğlu, “İki sahil”

Избранный
20
4
ikisahil.az

5Источники