RU

AYİB Azərbaycanda startapların və İT ekosisteminin inkişafını dəstəkləyir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda rəqəmsal iqtisadiyyatın və innovativ sahibkarlığın inkişafını fəal şəkildə dəstəkləməyə davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Drakinos Bakıda keçirilən “State and IT Eurasian Forum”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bankın əsas təşəbbüslərindən biri erkən mərhələdə startapları dəstəkləməyə yönəlmiş “Star Venture” proqramıdır.

“Proqramın 2022-ci ildə Azərbaycanda istifadəyə verilməsindən bəri ondan çox yerli startap mentorluq, məsləhət xidmətləri və investor şəbəkələrinə çıxış əldə edib. Proqram gənc sahibkarlara ideyalarını reallaşdırmağa və beynəlxalq bazarlara çıxmağa kömək edir”, - deyə o qeyd edib.

Regional direktor, həmçinin vurğulayıb ki, AYİB informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində 200-dən çox layihə həyata keçirib və bu, bankın Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına sadiqliyini nümayiş etdirir.

Əhəmiyyətli nümunələrdən biri 2022-ci ildə AYİB-in maliyyə dəstəyi və İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində başlanmış “Strategist IT Hub” layihəsidir.

“Layihə çərçivəsində Gəncə, Lənkəran, Şəki və Naxçıvandan 85 gənc pulsuz IT təlimi keçib və iş təklifləri alıb. Bu uğur birgə səylər nəticəsində bacarıqlı işçi qüvvəsi və gələcək üçün yeni imkanlar yarada biləcəyimizi göstərir”, - deyə AYİB nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, bu cür təşəbbüslər Azərbaycanın insan kapitalının gücləndirilməsinə və ölkəni regional rəqəmsal artım mərkəzinə çevrilməsinə töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
1
azertag.az

2Источники