RU

“Şanlı Zəfər” düşərgəsi başa çatıb

Bakı, 4 noyabr, AZƏRTAC

Oktyabrın 31-də və noyabrın 2-də Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə keçirilən “Şanlı Zəfər” düşərgəsi uğurla yekunlaşıb.

ATGTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.

Açılış mərasimində ATGTİ-nin sədri Rəşad Zeynalov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Məmmədov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Əli İsgəndərli, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Təbriz Salamov, eləcə də Gənclər Fondunun nümayəndəsi Rəhim Rəhimov iştirak ediblər.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu, gənclərin vətənpərvərlik ruhunda, hüquqi bilik və liderlik bacarıqları istiqamətində inkişafının dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıblar.

Düşərgənin ilk günü “Heydər Əliyev və Müstəqil Dövlətçilik Məktəbi” adlı ideoloji sessiya ilə davam edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nurəli Çələbiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideyasının milli kimliyin və dövlət suverenliyinin qorunmasındakı əhəmiyyətindən bəhs edib.

Sonra Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru İlkin Ağazadənin təlimçiliyi ilə “Səngərdə ilk yardım” adlı nəzəri və praktiki təlim keçirilib. Təlim zamanı gənclərə fövqəladə vəziyyətlərdə ilkin tibbi yardım bacarıqları və həyat qurtarma prinsipləri barədə praktiki biliklər verilib. Həmçinin “Zəfər Kodu” adlı kvest oyunu təşkil olunub. Komandalar şifrəli tapşırıqları həll edərək məntiq, çeviklik və komanda işində əməkdaşlıq bacarıqlarını nümayiş etdiriblər. Günün sonunda qalib komandalar mükafatlandırılıb və “Mədəniyyət Gecəsi” keçirilib.

Növbəti gün “Zəfərin səsi: Dövlətçilikdən Qələbəyə” adlı görüşlə başlayıb. Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elmar Hüseyn çıxış edərək Azərbaycan Ordusunun formalaşmasında milli təhlükəsizlik və strateji düşüncənin əhəmiyyətini qeyd edib. Sonra “Qələbəyə aparan yol” adlı panel müzakirəsi olub. Paneldə Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabitləri mayor İlkin Ağazadə, kapitan Ceyhun Bayramov və leytenant Sahib Əbəlfəzli gənclərlə döyüş təcrübələrini bölüşərək, ordunun peşəkarlığının və xalq-ordu birliyinin Zəfərin qazanılmasındakı rolunu vurğulayıblar.

Günün ikinci yarısında “Airsoft atış təlimi” təşkil olunub. Təlim gənclərdə taktiki düşüncə, dəqiqlik və fiziki hazırlıq bacarıqlarının inkişafına xidmət edib.

Düşərgənin son günündə iştirakçılar Şəki şəhərinə ekskursiya ediblər. Gənclər Şəki Xan Sarayını və Karvansarayı ziyarət edərək, regionun tarixi və mədəni irsi ilə yaxından tanış olublar.

“Şanlı Zəfər” düşərgəsinin əsas məqsədi gənclərin milli-mənəvi dəyərlərə bağlılığını möhkəmləndirmək, onların hüquqi və ideoloji biliklərini artırmaq, dövlətə və cəmiyyətə qarşı məsuliyyət hissini dərinləşdirmək olub. Layihə, həmçinin gənclərin fiziki, mənəvi və sosial inkişafına, komanda ruhunun formalaşdırılmasına, liderlik və qərarvermə bacarıqlarının təkmilləşdirilməsinə yönəlib.

 

Избранный
33
azertag.az

1Источники