RU

Müstəqil Azərbaycan dövlətinin tarixi lazımınca tədqiq olunmayıb - Prezident narazılıq etdi...


Məhərrəm Zülfüqarlı: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən nəticə çıxarmaq lazımdır”

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında çıxışı zamanı AMEA-nın və müvafiq institutlarının qarşısında duran əsas vəzifələr barədə danışıb. Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sanballı elmi əsərlərə ehtiyac olduğunu xüsusi vurğulayan Prezident bildirib: “Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var.

Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

Prezidentin çıxışlarından da aydın görsəndi ki, AMEA-nın müvafiq institutları dövlət müstəqilliyimizin bərpasından keçən 34 il ərzində bu sahədə elə də ciddi və əhəmiyyətli işlər görməyib və tariximizin yazılmasında, eləcə də təbliğində öz üzərlərinə düşən vəzifəni lazımı səviyyədə yerinə yetirməyiblər. Halbuki, ötən dövr ərzində tariximizin tədqiqi, təbliği, sanballı elmi əsərlərin yazılması və çapı sahəsində çox böyük işlər görmək olardı.

“Bu sahədə ciddi nöqsanlar var”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev çıxışında elmin müxtəlif sahələri, o cümlədən də tarixçilər qarşısında mühüm vəzifələr qoydu. “Prezident haqlı olaraq bildirdi ki, Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sanballı elmi əsərlər yazılmalıdır. 1997-ci ildə Heydər Əliyev AMEA-da alimlərlə görüşdə belə bir fikir irəli sürdü ki, XX əsr tarixi yenidən yazılmalıdır, çünki Sovet dövründə tariximiz saxtalaşdırılıb, lakin indi bəziləri həmin dövrdə baş verən müsbət hadisələrin də üstündən xətt çəkirlər, amma belə olmaz. Yəni Heydər Əliyev obyektiv tarixin yazılmasını istəyirdi. Prezident İlham Əliyevin də çıxışında yer alan məsələ Heydət Əliyevin həmin fikrinin davamıdır. Yəni həm XX əsrin sonu - dövlət müstəqilliyimizin bərpası dövrü, həm də XXI əsr tariximiz yenidən yazılmalıdır. Birincisi, bu sahədə ciddi nöqsanlar var. Yəni VII cildlik Azərbaycan tarixi yazılsa da, burda Sovet dövründən qalma Azərbaycan tarixinə, dövlət müstəqilliyimizin bərpasından sonra dövlətin yeritdiyi siyasətə uyğun olmayan çoxlu ideolji səhvlər var. Bunlar yenidən işlənilməli, nöqsanlar aradan qaldırılmalıdır. Bundan sonra 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı sanballı əsərlərin yazılmasına ehtiyac var. Amma çox təəssüf ki, səlahiyyətli qurumlar, bu işə məsul olanlar hamısı sifariş gözləyir. Prezidentin bu çıxışından sonra yəqin ki, onlar hərkətə keçəcəklər. Fikrimcə, tarixçilər bu məsələni yuxarının göstərişilə, sifarişi ilə deyil, xalqa, dövlətə borcları kimi qəbul edib işləməlidirlər.

Son illər Azərbaycanda, xüsusilə kütləvi informasiya vasitələrində belə bir səhv fikir səslənir ki, “qəhrəman Azərbaycan əsgəri Qarabağda tarix yazdı və ərazi bütövlüyümüzü bərpa etdi”. Yəni bu belə olmalıdır ki, qəhrəman əsgərlərimiz tarixi yaratdı. Tarixi yazmaq tarixçilərin işidir. Amma mətbuat “əsgərimiz tarix yazdı” ifadəsini işlətməklə elə bil tarixçilərimizin üzərindən tarixi yazmaq məsuliyyətini götürür. Atatürkün belə bir fikri var: “Tarix yazmaq tarix yaratmaq qədər məsul işdir”. Yazan yaradana sadiq qalmalıdır ki, baş verən hadisələr öz yerini düzgün tapsın.

Ona görə də, indiki dövrdə təkcə Akademiyanın Tarix İnstututuna (Tarix və Etnologiya İnstitutu-İ.S), eləcə də bu işlə məşğul olan digər qurumlara yox, müstəqil tarixçilərə də imkan yaradılmalıdır ki, onlar da bu mövzularda əsərlər yazsınlar. Bu gün alternativ əsərlərin də yazılmasına böyük ehtiyac var. Buna görə də Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən nəticə çıxarmaq lazımdır. İndiki dövrdə Akademiya çox tənqid olunur. Xüsusilə də korrupsiya əməllərində ittiham edilir, kitabların nəşri, eləcə də elmin müxtəlif sahələri üzrə layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi faktları ilə bağlı hazırda istintaq gedir. Çalışmaq lazımdır ki, indən sonra elm sahəsinə çirkli əllər uzanmasın, dövlətin ayırdığı vəsait bilavasitə obyektiv tarixin yazılmasına sərf olunsun. Belə olarsa, həqiqətən də müstəqil Azərbaycan dövlətinin obyektiv tarixi yazılar. Bu da dövlətçilik tariximizin təbliğində, Azərbaycanın daxili və xarici siyasətinin daha da inkişafında müsbət rol oynayar və gənc nəslin milli mənlik şüurunun formalaşmasına müsəbət təsir edər”-deyə M.Zülfüqarlı bildirdi.

M.Zülfüqarlı onu da qeyd etdi ki, son dövrlər tarixşünaslıqda bəzi mənfi tendensiyalar mövcuddur və onlardan əl çəkilməlidir: “Bəzən belə bir yanlış fikir irəli sürülür ki, tarix yazılarkən bəzi səhifələr silinməlidir, ümumiyyətlə yazılmamalıdır. Tarixin hansısa səhifəsini silmək tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil. Ona görə də dövlətçilik tariximiz, dövlət müstəqilliyinin bərpası tarixi 1988-1991-ci illərdə baş verən Milli Azadlıq Hərəkatının obyektiv yazılması ilə başlanılmalıdır. O dövrdə baş verən hadisələr obyektiv işıqlandırılmalıdır. 1992-1993-cü illərə aid obyektiv elmi əsərlər yazılmalıdır ki, ondan sonra gələn 1993, 2003, 2025-ci illər daha obyektiv şəkildə öz əksini tapsın. Dediyimiz ilk dövrlər saxtalaşdırılarsa sonradan ondan sonrakı dövrləri də obyektiv yazmaq mümkün olmayacaq. Ona görə də bu tarixin yazılmasında, xüsusilə müstəqil tarixçilərə ehtiyac var. Yəni hansısa vəzifədə oturub sifarişlə tarix yazan yox, obyektiv tarix yazan müstəqil tarixçilərə ehtiyac var. Belə olarsa, müstəqil Azərbaycanın dövlətçik tarixi yazılar, bu da Prezidentin tarixçilərin qarşısına qoyduğu vəzifələrin obyektiv həyata keçirilməsinə imkan verər”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA

Избранный
121
baki-xeber.com

1Источники