RU

“Vətən, səni sevirəm!” » AzadMedia.az


A.Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbində “Vətən, səni sevirəm!” adlı tədbirdə iştirakdan xoş təəssüratla ayrıldım. Tədbir Azərbaycan xalqının qürur, birlik və qəhrəmanlıq simvoluna çevrilmiş Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuşdu.

Tədbirdə Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Nəsimi Rayon İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İşçilərinin Nəsimi Rayonu Komitəsinin sədri Reyhan Ocaqova, Təhsil İnstitutu Metodik dəstək və inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, aparıcı metodist Sona Hacılı, Nobel Qardaşları Ev Muzeyinin direktoru Fuad Qasımov, həmçinin “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı və “Məktəb guşəsi” dərgisinin redaktoru Məzahir Məmmədli, şəhid ailələri, qazilər, məktəb direktorları, müəllimlər və valideynlər iştirak etdilər.

Tədbirdən əvvəl şagirdlərin hazırladığı rəsm və əl işlərindən ibarət sərgiyə baxış oldu. Gənc istedadların vətənpərvərlik mövzusunda yaradıcılıq işləri qonaqlarda dərin təəssürat oyatdı.

Bədii hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Daha sonra “Vətən, səni sevirəm!” adlı ədəbi-bədii kompozisiya təqdim olundu. Şagirdlərin səmimi ifaları, duyğulu şeirləri və rəngarəng rəqsləri tədbirə xüsusi ruh və ahəng bəxş etdi. Uşaqların gözlərindəki qürur, səslərindəki sevgi Vətənə bağlılığın və nəsildən-nəslə ötürülən milli ruhun təcəssümü idi.

Tədbirin sonunda çıxış edən qonaqlar Azərbaycan xalqının qəhrəmanlıq tarixindən, Zəfər Gününün milli birliyimizin simvoluna çevrildiyindən danışdılar. Onlar vurğuladılar ki, Vətənə sevgi uşaqlıq illərindən formalaşır və bu mənəvi dəyərin aşılanmasında məktəbin, müəllimlərin və ailənin rolu əvəzsizdir.

Zəfərimizin 5-ci ildönümündə keçirilən bu tədbir bir daha göstərdi ki, Azərbaycanın gələcəyi vətənini sevən, onu qorumağa qadir gənc nəsillərin əlindədir.
Избранный
75
1
azadmedia.az

2Источники