“Bizi çox maraqlı oyun gözləyir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) matçından öncə təşkil olunan mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis komandasının qarşılaşmaya hazır olduğunu bildirib: "Bakıda dünya çempionuna qarşı oynamaq böyük stimuldur. Güclü və tarixi komandaya qarşı oynayacağıq. Belə komandaların Bakıya gəlməsi, azarkeşlərin bu komandanın futbolçularını canlı görməsi futbolumuz üçün böyük stimuldur. Belə komandalara qarşı oynayarkən məğlub olsaq da, möhkəm ayaqüstə durmağı, inamlı oynamağı bacarmalıyıq.
Matça pis hazırlaşmamışıq. Çox istəyirik ki, sabah mübariz oyun göstərək. Futbolçularıma güvənirəm”.
Qurbanov “Çelsi”nin heyətindəki dəyişikliklərlə bağlı məsələyə də münasibət bildirib:
“Belə böyük komandaların bir-iki oyunçusunun olub-olmamasını müzakirə etmək düzgün deyil. Komandanın heyəti çox genişdir. Biz daha çox rəqibin oyun sisteminə uyğunlaşmalıyıq. Bəzən əsas heyət oyunçuları yox, digər futbolçular oynayanda daha aktiv olur və bizə daha çox problem yaradırlar”.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də start götürəcək.