RU

"Bakı Fond Birjası"nın ümumi dövriyyəsi 55 mlrd. manata yaxınlaşıb

2025-ci ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası"nın (BFB) ümumi dövriyyəsi 54,6 milyard manat təşkil edib.

"APA-Economics" bu barədə BFB-yə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 8,5 % çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əməliyyatların ümumi həcmi 7,6 mlrd. manat olub. Bunun 3,2 mlrd. manatı ilkin bazarda, 4,4 mlrd. manatı isə təkrar bazarda həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının notları üzrə əməliyyatların ümumi həcmi 1,27 mlrd. manat təşkil edib. Onun 1,23 mlrd. manatı ilkin, 43,2 mln. manatı isə təkrar bazarda baş tutub.

Korporativ qiymətli kağızlar bazarında əqdlərin ümumi dəyəri 900,3 mln. manata bərabər olub. Bu məbləğin 688,4 mln. manatı ilkin bazarda, 211,9 mln. manatı isə təkrar bazarda qeydə alınıb. Hesabat dövründə səhmlərlə 13,1 mln. manat, istiqrazlarla isə 198,8 mln. manatlıq əməliyyat aparılıb.

İpoteka istiqrazları bazarında əməliyyatların ümumi həcmi 1,2 mlrd. manat təşkil edib. Bunun 550,4 mln. manatı ilkin bazarda, 649,7 mln. manatı isə təkrar bazarda gerçəkləşdirilib.

Bazarın ən böyük hissəsini REPO əməliyyatları təşkil edib. Bu əməliyyatların ümumi həcmi 43,7 mlrd. manat olub. Onun 31,2 mlrd. manatı dövlət istiqrazları, 605,4 mln. manatı Mərkəzi Bank notları, 11,85 mlrd. manatı isə korporativ qiymətli kağızlar üzrə əməliyyatların payına düşüb.

Ümumilikdə, hesabat dövründə kapital bazarında 25 039 əqd bağlanıb. Əqdlərin orta günlük həcmi 274,5 mln. manat, orta günlük sayı isə 126 olub.

Избранный
15
1
apa.az

2Источники