RU

Zəfər həftəsi başladı - paradda görəcəyimiz yeni silahlar

Müzəffər Ordu postmüharibə dövründə diplomatik qələbənin təminatçısı rolunu oynayır

Paytaxtda 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək möhtəşəm hərbi paradın hazırlıqları yekunlaşmaq üzrədir. Beş il öncə - 2020-ci ilin həmin bu günündə Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq, xalqımızın ən böyük arzusunu - torpaqların azadlığını və suverenliyin bərpasını gerçəyə çevirdi. Bu il isə həmin tarixi qələbənin 5 illiyi münasibətilə keçiriləcək parad təkcə hərbi güc nümayişi deyil, həm də xalqın birliyinin, dövlətin qüdrətinin və qalib millət ruhunun bayramıdır. Bakı bu günlərdə bir daha tarixi hadisəyə şahidlik etməyə hazırlaşır. Azadlığın, zəfərin və milli qürurun rəmzinə çevrilmiş 8 Noyabr günü dünyanın diqqəti yenidən Azərbaycanın hərbi qüdrətinə yönələcək. Cəmi bir neçə gün sonra Azadlıq meydanında baş tutacaq parad zamanı Azərbaycan Ordusu son illərdə əldə etdiyi yenilikləri, modern silah arsenalını və texnoloji gücünü nümayiş etdirəcək. Məlumata görə, builki paradda qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir. Bu fakt özü belə Zəfər Gününün yalnız Azərbaycanın deyil, həm də Türk dünyasının ortaq qüruruna çevrildiyini göstərir. Builki paradın həm məzmununa, həm də simvolikasına görə əvvəlkilərdən çox fərqli olacağı artıq bəllidir. Çünki bu dəfə meydanda yalnız qalib Ordunun addımları deyil, həm də sülhün və sabitliyin qalibi olan Azərbaycanın diplomatik iradəsi əks olunacaq.

Bəs bu möhtəşəm tədbirdə hansı yeni silah sistemləri nümayiş etdiriləcək? Paradda dünyaya göstəriləcək əsas mesaj nə olacaq?

Emin Həsənli 

Hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a deyib ki, dünya Azərbaycan Ordusunun gücünü 44 günlük müharibədə gördü: “Paradda iştirak edən hərbçilərin bir çoxu Vətən müharibəsinin iştirakçılarıdır. Bunun həm mənəvi, həm də psixoloji baxımdan əhəmiyyəti çox böyükdür”. Onun sözlərinə görə, son illər Azərbaycan dünyanın qabaqcıl ölkələrindən silahlar idxal etməklə yanaşı, artıq öz hərbi sənayesini də inkişaf etdirib. Ekspert qeyd edib ki, Ordunun hazırlıq səviyyəsi bir daha dünyaya nümayiş etdiriləcək: “Regionda sülhün qorunması, qardaş ölkələrlə keçirilən birgə təlimlər də Azərbaycan Ordusunun gücünü artıran əsas amillərdəndir. Bunun qələbə baxımından çox böyük əhəmiyyəti var. Azərbaycan xalqı ilə ordunun həmrəyliyi həm mənəvi, həm də mesaj baxımından mühüm göstəricidir. Hesab edirəm ki, bu parad bir daha ordumuzun malik olduğu gücü, müasir silahlarla təchizat səviyyəsini və peşəkarlığını dünyaya nümayiş etdirəcək”.

Asif

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, builki parad qazanılan Zəfərin 5 illik yubileyidir: “Adətən bu periodlar həmin dövrdə görülən işlərin hədəflərə çatıb-çatmadığı məsələsini də gündəmə gətirir. Bu beş il ərzində nə baş verib? Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra qarşısına qoyduğu hədəflərin demək olar ki, əksəriyyətinə nail olub. Bu, bir növ diplomatiyada qazanılan zəfərin də paradı hesab oluna bilər. İndiyə qədər hərbi müstəvidə qalib gələn Azərbaycan bu beş ildə diplomatiya sahəsində də qələbə qazandı. Bu beş il ərzində Azərbaycanın bir neçə strateji hədəfi var idi. Onlardan birincisi, ərazi bütövlüyü bərpa edildikdən sonra suverenliyin tam bərpa edilməsi idi. Yəni Qarabağda, o cümlədən Xankəndidə Azərbaycanın üçrəngli bayrağının dalğalandırılması, oradakı erməni separatizminə son qoyulması və suverenliyin təmin edilməsi əsas məqsəd idi. Azərbaycan bu strateji hədəfə nail oldu və burada ordunun əməyi xüsusi önəm daşıdı”.

Analitik hesab edir ki, ən mühüm hədəf isə Ermənistanla sülh prosesinin davam etdirilməsi idi: “Azərbaycanın tələbləri çərçivəsində sülh sazişinin imzalanması bu istiqamətdə əsas məqsəd olub. Bilirik ki, Azərbaycanın bu mövzuda konkret tələbləri var idi: buraya həm ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması, həm Zəngəzur dəhlizinin açılması, həm də Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələləri daxil idi. Vaşinqtonda keçirilən görüşlərdə bu istiqamətdə mühüm nəticələr əldə olundu. Artıq Ermənistanla sülh məsələsi demək olar ki, tamamlanmaq üzrədir. Hətta praktiki müstəvidə addımlar atılır və icra olunur. Proses artıq yekunlaşma mərhələsindədir və bu da Azərbaycanın tələbləri çərçivəsində baş verir. Beləliklə, Azərbaycan burada da əsas strateji hədəfinə nail oldu. Bütün bu hədəflərdə qalib Azərbaycan Ordusu həm strateji, həm də diplomatik müstəvidə aparılan siyasətin əsas təminatçısı rolunu oynayır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Избранный
17
musavat.com

1Источники