RU

Azərbaycanlı alim Nyu Yorkdan Xankəndiyə işləməyə gəldi

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Samir Babayevin addımı həm peşəkar, həm də mənəvi baxımdan çox önəmlidir

Bu cür nümunələr digər xaricdə yaşayan azərbaycanlı mütəxəssislər üçün də motivasiya mənbəyidir

Azərbaycanlı alim Samir Babayev Nyu-Yorkdan qayıdaraq Xankəndidə fəaliyyət göstərməyə başlayıb. Samir Babayev Qarabağ Universitetinin Klinikasının baş direktoru, eyni zamanda Tibb və sağlamlıq elmləri fakültəsinin dekanıdır. Samir Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində,

2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb.  2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib. O, 20 ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb. Çoxsaylı elmi əsərlərin müəllifi olan Samir Babayev bir sıra nüfuzlu tibbi assosiasiyaların üzvü və rəhbəri olaraq fəaliyyət göstərib, müxtəlif təqaüdlərə və fəxri mükafatlara layiq görülüb.

Qeyd edək ki, Qarabağa qayıdaraq Xankəndidə fəaliyyətə başlaması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Uzun illər xaricdə, xüsusilə ABŞ-nin aparıcı tibb mərkəzlərində qazandığı bilik və təcrübəni vətənə gətirən Samir Babayevin qayıdışı, Qarabağın inkişafı və bərpası prosesində intellektual potensialın rolu baxımından mühüm hadisə hesab olunur. Bildirilib ki, onun Qarabağ Universitetində rəhbər vəzifələrdə çalışmağa başlaması bölgədə tibbi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir səhiyyə xidmətlərinin formalaşdırılması və yerli kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımdır. Şübhəsiz ki, bu hadisə Qarabağın yalnız iqtisadi və sosial deyil, həm də elmi və akademik dirçəlişinin başlanğıcını simvolizə edir.

Həkim-terapevt Şəmsiyyə Namazova “Şərq”ə açıqlamasında deyib ki, Nyu-Yorkdan qayıdaraq Xankəndidə fəaliyyətə başlayan azərbaycanlı alim Samir Babayevin addımı həm peşəkar, həm də mənəvi baxımdan çox önəmlidir: 

“Xaricdə yüksək təhsil almış və uzun illər nüfuzlu tibb mərkəzlərində çalışan həkimlərin Qarabağa qayıdaraq burada fəaliyyət göstərməsi Azərbaycan səhiyyəsinin gələcəyi üçün böyük töhfədir. Samir Babayevin Qarabağ Universitetinin Klinikasına rəhbərlik etməsi, eyni zamanda Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı təyin olunması, bölgədə tibbi təhsilin beynəlxalq standartlara uyğun qurulmasına ciddi zəmin yaradacaq. Bu, həm yerli kadrların yetişməsinə, həm də regionun səhiyyə infrastrukturunun inkişafına güclü stimul verəcək”.

Onun sözlərinə görə, bu cür nümunələr digər xaricdə yaşayan azərbaycanlı mütəxəssislər üçün də motivasiya mənbəyidir: 

“Samir Babayevin addımı bir mesajdır. Dünya səviyyəsində bilik və təcrübə qazanmaq vacibdir, amma bu bilikləri vətənə gətirib paylaşmaq daha qiymətlidir. Bu, Qarabağın bərpası prosesində intellektual kapitalın gücünü göstərir. Həmçinin dövlətin də belə qayıdışları dəstəkləməsi və yüksək ixtisaslı kadrlar üçün elmi-tibbi mühitin formalaşdırılması mühüm əhəmiyyət daşıyır”.

Şəymən Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
sherg.az

2Источники