Gələn ilin I rübündə isə 8 ölkə istehsalı sabitləşdirəcək
“OPEC plyus”un 8 aparıcı ölkəsinin (Əlcəzair, Küveyt, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Oman və Rusiya) nazirləri sabit qlobal iqtisadi proqnozu və əlverişli cari bazar şərtlərini nəzərə alaraq bu ilin dekabr ayında neft hasilatını noyabr ayı ilə müqayisədə gündə 137 min barel artırmaq qərarına gəlib. Eyni zamanda, iştirakçı ölkələr 2026-cı ilin birinci rübündə hasilatı artırmaqda fasilə verəcəkləri ilə bağlı da razılığa gəliblər.
Bununla bağlı keçirilən görüşdən dərhal sonra “OPEC plyus” bəyanat yayıb. Sənəddə hasilatın artırılması qərarının sabit qlobal iqtisadi perspektivlər və əlverişli bazar şərtləri fonunda verildiyi vurğulanıb. Bundan əlavə, mövsümiliyə görə, 8 ölkə 2026-cı ilin birinci rübündə neft hasilatının daha da artırılmasını dayandırmaq qərarına gəlib. Tərəflər təsdiqləyiblər ki, dəyişən bazar şərtlərindən asılı olaraq və tədricən 1,65 milyon barel/gün qismən və ya tam şəkildə geri qaytarıla bilər. “Dekabrdan sonra mövsümilik səbəbindən 8 ölkə 2026-cı ilin yanvar, fevral və mart aylarında hasilatın artımını dayandırmaq qərarına gəlib”, – deyə məlumatda bildirilib.
Bununla razılaşma iştirakçıları təsdiqləyiblər ki, 1,65 milyon barel dəyişən bazar şəraitindən asılı olaraq tədricən, qismən və ya tam bərpa oluna bilər. Müstəqil hesablamalara əsasən, “OPEC plyus” ölkələrinin dekabr ayı üçün ümumi kvotası sazişi əvvəllər pozan ölkələrin kompensasiya həcmləri nəzərə alınmaqla gündəlik 38,185 milyon barel təşkil edə bilər ki, bu da noyabr üçün elan edilmiş planından 101 min barel çoxdur. Bəs kvotaların artırılması bazara necə təsir edəcək?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham ŞABANIN sözlərinə görə, bildirdi ki, dünya bazarındakı qiymətlərin monitorinqi göstərir ki, bu sahədə hər hansı ciddi enmə yoxdur. Hazırda bazar iştirakçılarının daha çox ABŞ və Çin arasındakı ticari münasibətlərə diqqət etdiklərini vurğulayan ekspertin sözlərinə görə, ümumilikdə, neft qiymətləri 2026-cı ildə cari illə müqayisədə azalmağa meyilli olacaq.
İ.Şaban daha sonra dedi:
– Ötən həftə Dünya Bankı 2025-2026-cı illər üzrə “Brent” markalı neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Proqnoza əsasən, bu növ neftin orta qiyməti 2025-ci ildə 68 dollar səviyyəsində ehtimal edilir, 2026-cı ildə isə qiymətlərin 60 dollara qədər ucuzlaşacağı gözlənilir. Maraqlısı isə odur ki, Dünya Bankının ekspertləri gələn illə bağlı proqnozlarını artıq 2-ci dəfədir ki, dəyişmirlər. Yəni neft qiymətlərinin ucuzlaşması ehtimalı hələ də yüksəkdir.
Bu ehtimalı dünyanın tanınmış neft-qaz şirkəti olan “Shell” şirkətinin baş direktoru Vael Savanın üçüncü rübün nəticələrindən sonra keçirdiyi telekonfrans zamanı da təsdiqləyib. O bildirib ki, gələn il qlobal neft bazarında təklif bolluğunun yaranması ssenarisi daha çox ehtimal edilir, lakin uzunmüddətli perspektivdə qiymətlərin artacağını gözləyir. Bu da səbəbsiz deyil. Çünki “yaşıl enerji” dünyada yaşanan hazırkı gərginlikdən sonra qlobal iqtisadiyyatın artım templərini qarşılamağa yetərli olmayacaq.