Leninqrad vilayətinin cənubunda yerləşən Tolmaçev qum karxanasında arxeoloji qazıntılar zamanı alimləri gözlənilməz bir tapıntı qarşılayıb.
Ölkə.az xəbər verir ki, bu barədə “Nauchnaya Rossiya”ya qazıntılara rəhbərlik edən, Sankt-Peterburq Dövlət Universitetinin Paleontologiya muzeyinin müdiri, biologiya elmləri namizədi Dmitri Qriqoryev məlumat verib.
Bildirilir ki, paleontoloqlar təxminən 385 milyon il yaşı olan əsl daşlaşmış ağac nümunəsi “paleostump” aşkarlayıblar.
Dmitri Qriqoryevin sözlərinə görə, ağac nümunəsini karxananın orta Devon dövrünə aid təbəqələrində qazıntılarda iştirak edən həvəskar paleontoloq tapıb. Ağac kötüyünün diametri kökləri ilə birlikdə 15 metrə çatır ki, bu da onu təkcə Rusiyada deyil, bütün dünyada bu tip tapıntılar arasında ən böyüklərdən birinə çevirir.
“Bu kötük çox unikal tapıntıdır: orta Devon təbəqələrində belə nümunələr bizdə demək olar ki, yoxdur. Dünyada belə tapıntıları barmaqla saymaq olar. Leninqrad vilayətində isə indiyədək belə bir şey qeydə alınmamışdı. Üstəlik, onun kökləri ilə birlikdə aşkar olunması da çox nadir hadisədir,” - deyə Qriqoryev bildirib.
Məhz köklərin olması paleontoloqlar üçün ən böyük sürpriz olub. Tolmaçev karxanası uzun illərdir alimlər arasında prototaksitlərin tapıldığı yer kimi tanınır. Bu canlılar Silur və Devon dövrlərində (təxminən 443–358 milyon il əvvəl) mövcud olmuş, quruda yaşayan orqanizmlər idi. Onlar quruluş etibarilə göbələkləri xatırladır, lakin alimlər arasında bu barədə yekdil fikir yoxdur. Bəziləri onları iynəyarpaqlılara bənzədir.
“Əvvəlcə elə düşündük ki, Leninqrad vilayətində tapılmış ən iri prototaksiti aşkarlamışıq. Amma qazıntını dərinləşdirdikcə kökləri gördük. Məlumdur ki, prototaksitlərin kökü olmur. Onda anladıq ki, bu bir ağac kötüyüdür,” - deyə Dmitri Qriqoryev qeyd edib.
Alimin sözlərinə görə, bu tapıntı əvvəlki tədqiqatların nəticələrinə də ciddi təsir göstərə bilər. Çünki Tolmaçev karxanasında oxşar quruluşa malik çoxlu iri nümunələr də tapılıb və indiyə qədər onların hamısı prototaksit hesab edilirdi. İndi isə ehtimal olunur ki, onların bir qismi də daşlaşmış ağac qalıqları imiş.
Həmidə İbrahimova
                        