RU

ABŞ Azərbaycan və Ermənistanla İşçi qrupları yaradır

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ hökuməti ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır. Ötən həftə sonu Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat xidməti bununla bağlı açıqlama yayıb. Qeyd olunub ki, ABŞ 8 avqustda Vaşinqtonda imzalanmış tarixi birgə Bəyannamə və Anlaşma Memorandumlarının icrasına sadiqdir və ilin sonunadək hər iki hökumətlə ilkin İşçi qruplarının yaradılmasını təmin edəcək.

Dövlət Departamenti, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən dialoqu və son praktiki addımları müsbət qiymətləndirib, ABŞ hökuməti Azərbaycan və Ermənistan rəsmiləri arasında inkişaf etdirilən görüşləri, əldə olunmuş razılaşmaların icrasını da yaxından izlədiyini bəyan edib: "Biz Azərbaycan və Ermənistan rəsmiləri arasında sərhədlərin müəyyənləşdirilməsi, minatəmizləmə və TRIPP layihəsinin dəstəklənməsi məqsədi ilə infrastrukturun inkişafı üzrə son məzmunlu müzakirələri alqışlayırıq. Həmçinin Azərbaycanın Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsi barədə son qərarını, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilmiş görüşünü də müsbət qarşılayırıq. ABŞ-nin rəhbərlik etdiyi təşəbbüslər bu səylərlə birlikdə özəl investisiyaları cəlb edəcək, Azərbaycan, Ermənistan və onun hüdudlarından kənarda yeni firavanlıq dövrü başlayacaq".

Azərbaycanla ABŞ arasında İşçi qrupunun yaradılması təbii ki, iki ölkənin əlaqələrinin inkişafında, strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm addım olacaq. Bu, eyni zamanda 8 avqustda Vaşinqtonda Azərbaycan və ABŞ liderləri arasında keçirilmiş görüş və əldə edilən razılaşmaların məntiqi davamıdır. Görüş zamanı prezidentlər İlham Əliyev və Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalayıblar. Strateji İşçi Qrupu üçün enerji, ticarət, tranzit, müdafiə və süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi prioritet olacaq. 

Görünən odur ki, Azərbaycan və ABŞ arasında əlaqələr Donald Tramp administrasiyası dövründə dinamik inkişaf edir. Prezident Tramp Azərbaycanla əməkdaşlığın şaxələndirilməsinə və güclənməsinə xüsusi önəm verir. 8 avqust sammitində "907-ci düzəliş"in icrasının dayandırılması barədə sənədin imzalanması da bu istiqamətdə atılan addımlardan biridir. Bu düzəliş 1992-ci ildə qəbul olunub və ötən müddət ərzində iki ölkə arasında münasibətlərə öz mənfi təsirini göstərib. Tramp qərarın icrasını dayandırıb, amma onun tamamilə ləğvi əlbəttə ki, iki ölkənin əməkdaşlığında vacib addım olacaq.

Azərbaycanla Ermənistan arasında davam edən dialoq və son praktiki addımlarla bağlı Dövlət Departamentinin müsbət açıqlamasına gəlincə, qeyd edək ki, Vaşinqton sammitində Bakı ilə İrəvan arasında imzalanan Birgə Bəyannamənin həyata keçirilməsi istiqamətində praktiki addımlar atılır, regionda sülh bərqərar olub.  Eyni zamanda, Zəngəzur dəhlizinin (TRIPP) reallaşdırılması istiqamətində də işlər görülür.  Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin sonunadək tamamlanacaq. Bu günlərdə diplomatik korpusun nümayəndələri Zəngəzur dəhlizinin Azərbaycan seqmentində görülən işlərlə yerində tanış olublar. Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə bildirib ki, Azərbaycan Horadizdən Zəngilana qədər olan hissəni daxili imkanları hesabına 2021-ci ildən etibarən intensiv şəkildə inşa etməyə davam edir: "Dəmir və avtomobil yolları infrastrukturu, tunellər də daxil olmaqla, işlər sürətlə aparılır. Digər seqmentdə isə Ermənistan ABŞ-la ikitərəfli əsasda bu prosesi həyata keçirir. Biz bu prosesləri izləyirik. Həmçinin Naxçıvan seqmentində 188 kilometrdən artıq bir zonada dəmir yolu infrastrukturu üzrə beynəlxalq tərəfdaşların cəlb olunması nəzərdən keçirilir".

Zəngəzur dəhlizi strateji əhəmiyyətə malikdir, bu xətt iqtisadi və logistik cəhətdən daha səmərəli olmaqla yanaşı, regional inteqrasiya baxımından da əhəmiyyətlidir. ABŞ-ın bu dəhlizi dəstəkləməsi onun daha tez reallaşması imkanlarını artırır.

Göründüyü kimi, Azərbaycan-ABŞ əməkdaşlığı bir sıra mühüm istiqamətləri əhatə edir. Azərbaycanla ABŞ arasında illik ticarət dövriyyəsi 1,8 milyard dollardır. İşçi qrupunun yaradılması, təbii ki, iki ölkənin əlaqələrinin daha da gücləndirilməsinə, xüsusən də ticarət əlaqələrinin genişləndirməsinə gətirib çıxaracaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov mövzu ilə bağlı "525"ə deyib ki, ABŞ hökumətinin ilin sonunadək Azərbaycan və Ermənistanla İşçi qruplarının yaradılmasını planlaşdırması regionumuza olan maraqdan irəli gəlir: "Bu il 8 avqust tarixində dövlət başçısının Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün hökumətlər arasında komissiyanın yaradılması ilə bağlı razılaşma imzalayıblar. Təbii ki, belə bir sənəd ABŞ-la Ermənistan arasında da imzalanıb. Bu baxımdan ilin sonuna qədər İşçi qrupların yaradılması ABŞ-ın regionumuzla əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduğunun nümayişidir".

Deputat deyib ki, Azərbaycanla ABŞ arasında əməkdaşlığın əsas  istiqamətləri müəyyənləşib. Bu istiqamətlər regional əməkdaşlıq, ticarət-investisiya, rəqəmsal infrastruktur, təhlükəsilzik və terrorizmə qarşı mübarizə istiqamətləridir: "İşçi qrup müəyyən olunmuş bu istiqamətlər üzrə potensialı üzə çıxardacaq və ABŞ-la münasibətlərimizin dərinləşməsinə töhfə verəcək. Yaranmış reallıqlar üzərində inkişaf edən Orta dəhliz və ABŞ-ın iştirakı ilə açılması nəzərdə tutulan Tramp marşrutu regionumuza yeni perspektivlər açır. İşçi qrupları investisiya layihələrini müəyyənləşdirərək tranzit marşrutlarını genişləndirməklə əlavə yük tranziti, logistika xidmətlərinin genişlənməsinə töhfə verə bilər. Azərbaycanla ABŞ arasında əməkdaşlığı genişləndirməklə enerji və infrastruktura investisyaları cəlb etmək, yeni texnologiyaların idxal olunması, rəqəmsal infrastruktur və süni intellektin tətbiq edilməsinin genişləndirilməsi mümkündür. Bu da ölkəmizin iqtisadi inkişafına özünün müsbət təsirini göstərəcəkdir. Hesab edirəm ki, Azərbaycan-ABŞ əməkdaşlığının genişləndirilməsi rəqəmsal infrastruktur üzərində qurulmuş iqtisadiyyatın şaxələndirilməsinə imkanlar açacaq".

Deputatın sözlərinə görə, İşçi qrupların fəaliyyətə başlaması ilə regionda gərginliyin azalması, sərhədlərin və kommunikasiya yollarının açılması iqtisadi fəaliyyət üçün müsbət siqnal ola bilər - turistik, tranzit, ticarət, sərmayə üçün mühitin yaxşılaşması və s. Məsələn, ABŞ-ın açıqlamasında vurğulanır ki, bu cür təşəbbüslər "özəl investisiyanı cəlb edəcək və bölgədə yeni rifah dövrünü aça bilər".

A.Badamov əlavə edib ki, ABŞ İşçi qrupları yaratmaqla Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış sülh gündəliyinin davamlı olmasına və bu sülh gündəliyini geniş əməkdaşlıq imkanları ilə möhkəmləndirməyə çalışdığını bir daha göstərmiş olur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
525.az

2Источники