RU

İraqlı ekspert: 44 günlük müharibə Azərbaycan xalqının işğalçıya qarşı ədalətli müharibəsi idi

Qahirə, 4 noyabr, AZƏRTAC

44 günlük müharibədə qazanılmış zəfərin ildönümünü Azərbaycan xalqı ilə birlikdə qeyd edirik. Bu döyüşlərin əsl mahiyyəti budur ki, onlar müəyyən taktiki hədəflər naminə məkan və zaman çərçivəsində müvəqqəti toqquşmalardan daha çox, Azərbaycan xalqının işğalçıya qarşı apardığı taleyüklü ədalətli müharibə idi.

Bu sözləri hərbi məsələlər üzrə ekspert, Şuşa zəfəri haqqında kitabın müəllifi iraqlı alim doktor Mutəz Muhy Əbdülhəmid AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Müharibənin gedişini yaxından izləmiş və kitabında bunu ətraflı izah edən ekspert qeyd edib ki, hərbi əməliyyatların uğurla yekunlaşmasında, “məğlubedilməz” kimi təqdim olunan Ermənistan ordusunun üzərində böyük zəfərin əldə edilməsində mərhum Heydər Əliyevin fikirlərinə, milli prinsiplərə, xalqın böyük mübarizə əzminə inam da mühüm rol oynadı. Azərbaycan ordusu çətin keçilən dağlıq ərazilərdən, geniş minalanmış məkanlardan, möhkəmləndirilmiş cəbhə xəttindən keçərək rəşadət nümunələri göstərdi və müasir hərbi döyüş qaydalarını tətbiq edərək qələbə qazandı.

İraqlı müsahib qələbənin qazanılmasında digər mühüm amilə də diqqət yönəldərək deyir: “Bundan daha əsası və həlledicisi Azərbaycan əsgərinin ruh yüksəkliyi idi. Məhz bu keyfiyyət, onun vətən sevgisi, Ali Baş Komandanın müdrik rəhbərliyi onu irəliyə - qarşıya qoyulmuş hədəflərə doğru aparırdı. Bütün bunlar müharibənin zəfərlə nəticələnməsinə gətirib çıxardı.”

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
64
2
azertag.az

3Источники