RU

Azərbaycan və Rumıniya arasında audiovizual sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan nümayəndə heyəti Rumıniyanın Milli Audiovizual Şurasının qərargahında qurumun vitse-prezidenti, prezident vəzifəsini icra edən Valentin-Aleksandru Jukan ilə görüşüb. Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov və digər nümayəndələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan və Rumıniya arasında audiovizual media sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. Valentin-Aleksandru Jukan bildirib ki, Rumıniya media məkanında informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və gənc jurnalistlərin təlim proqramları prioritet istiqamətlərdəndir. O, Azərbaycanla bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

Valentin-Aleksandru Jukan, həmçinin Rumıniyada tətbiq olunan DAS (Digital Alert System) – Rəqəmsal Xəbərdarlıq Sistemi barədə ətraflı məlumat verib. Bildirib ki, bu sistem ölkə üzrə bütün televiziya və radio yayım şəbəkələrinə inteqrasiya olunub və fövqəladə hallar, təbii fəlakətlər və ictimai təhlükəsizliklə bağlı vacib məlumatların əhaliyə real vaxt rejimində çatdırılmasını təmin edir. DAS sistemi Rumıniyanın audiovizual sektorunda rəqəmsal təhlükəsizlik və ictimai xəbərdarlıq mexanizmlərinin avtomatlaşdırılmasını nəzərdə tutur. Sistem həm dövlət qurumları, həm də media tənzimləyici orqanlar üçün məlumat mübadiləsini sürətləndirərək, milli yayım şəbəkəsinin dayanıqlığını gücləndirir. 

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev çıxışında Azərbaycanın media sahəsində son illər həyata keçirdiyi islahatlar, televiziya və rəqəmsal yayım sistemlərinin modernləşdirilməsi, həmçinin beynəlxalq media platformalarına inteqrasiyası barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan regionda müasir media infrastrukturuna malik ölkələrdən biridir və Rumıniya ilə birgə layihələr bu istiqamətdə yeni imkanlar açır.

Audiovizual Şuranın sədri İsmət Səttarov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov audiovizual sahədə tənzimləmə mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, televiziya və radio yayımında peşəkar meyarların təkmilləşdirilməsi, həmçinin ictimai yayım orqanlarının qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Səfir Qüdsi Osmanov iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin informasiya və media sahəsində də öz əksini tapdığını bildirib. Vurğulayıb ki, bu əməkdaşlıq yalnız informasiya mübadiləsi ilə məhdudlaşmamalı, həm də rəqəmsal yayım, kontent istehsalı və mədəni diplomatiya sahələrində yeni təşəbbüslərlə zənginləşməlidir.

Görüşdə tərəflər media tənzimləməsi, yayım etikası, dezinformasiya ilə mübarizə, audiovizual istehsal bazarının inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
13
2
musavat.com

3Источники