RU

SWIFT-in alternativiyaradıldı - Çin "çoxvalyutalı dünya maliyyə sistemi"ni elan etdi...


Çin dollar sistemindən yan keçməyə və dövlətə məxsus blokçeyn vasitəsilə rəqəmsal yuan ödənişlərindən istifadə etməyə imkan verən SWIFT-in alternativi olan “Renminbi Digital” sistemini işə salıb.Yeni platforma artıq Rusiya, ASEAN ölkələri və Yaxın Şərqdə işləyir və onun dövriyyəsinin yüz milyardlarla dolları ötəcəyi gözlənilir.

CNBC telekanalı isə qeyd edir ki, Çin ABŞ dollarına beynəlxalq inam zəiflədiyi üçün xarici qurumların yuandan istifadə etməsi məqsidlə yeni üsullar hazırlayır.

Ekspertlərin fikrincə, bu addımlar dollara meydan oxumaq məqsədi daşıyır. Çin üçün vaxt əlverişlidir, çünki ABŞ dolları indeksi bu il 9%-dən çox düşüb, yuan isə dollara nisbətdə 2%-dən çox möhkəmlənib. Pekinin dünyanı dollardan uzaqlaşdırmaqda artan qətiyyətinin bir əlaməti olaraq, Çin Xalq Bankının rəhbəri Pan Qonqşeng Lujiazui Forumunda vahid suveren valyutadan həddən artıq asılılığın aladılmasının vacibliyini gündəmə gətirib. Çinin mərkəzi bankının rəhbəri Pekinin dolların üstünlüyünü zəiflətmək üçün bir çox əsas valyutalara əsaslanan qlobal maliyyə sistemi yaratmaq planını da açıqlayıb. O, dünyanın əsas valyutasını buraxan ABŞ-da maliyyə və qanunvericilik problemlərinin yaratdığı təhlükələrin sayının artdığını da qeyd edib. Onun sözlərinə görə, bu problemlər maliyyə riskləri şəklində bütün dünyaya yayıla və hətta beynəlxalq maliyyə böhranına çevrilə bilər. Qeyd edək ki, Tramp administrasiyası Amerika ixracatını xaricdəki alıcılar üçün daha cəlbedici etmək məqsədilə dolları digər valyutalara nisbətən zəiflətməkdən danışır. Dollar bu il nəzərəçarpacaq dərəcədə, o cümlədən avroya nisbətdə 11% ucuzlaşıb. Daha zəif dollar ABŞ-ın ticarət kəsirini azaltmağa kömək edə bilər. Bununla belə, o, getdikcə artan federal büdcə kəsiri fonunda ABŞ hökumətinin borclanma xərclərini də artıra bilər. Çin öz valyutası olan yuanın dəyərini dollara möhkəm bir şəkildə bağlı saxlayır. Bu, o deməkdir ki, yuan dollarla bərabər ucuzlaşır və Çinin əsas ticarət tərəfdaşları olan Avropada və başqa yerlərdə Çin ixracatının qiymətlərini daha da rəqabətli edir. Düzdür, hələ də dollar qlobal ticarətdə istifadə olunan əsas valyutadır, ondan sonra avrodur. Yuan da son illərdə möhkəmlənməkdədir, lakin beynəlxalq ticarətdə hələ də nisbətən az rol oynayır. Pan Qonqşeng xəbərdarlıq edib ki, dominant valyutaya malik olan bir ölkə istər-istəməz öz pulundan geosiyasi münaqişələr zamanı ədalətsiz olaraq "rıçaq kimi" istifadə etməyə çalışır. Çin isə Rusiya, İran və Şimali Koreya ilə sıx əməkdaşlıq edir və Amerikanın bu ölkələrlə ticarətini kəsməyə yönəlmiş tədbirlərinə etiraz edir. Burada qeyd edək ki, Çin faktiki olaraq İranın bütün neft ixracatını və Rusiyanın neft və qazının böyük hissəsini alır və bu əməliyyatları dollara az ehtiyacı olan kiçik Çin bankları və şirkətləri vasitəsilə həyata keçirir. Dolların gücü qismən onun beynəlxalq ticarətin maliyyələşdirilməsində geniş istifadə olunmasındadır. Banklar tez-tez dollarla əlaqəli uzun müddətdir qurulmuş prosedurlara, o cümlədən hələ də faks göndərən bəzi prosedurlara etibar edirlər. Çin Xalq Bankının rəhbəri bu prosedurlara qarşı çıxış edərək, Çin rəqəmsal yuanı da daxil olmaqla beynəlxalq ödənişlərdə yeni texnologiyalardan daha çox istifadə etməyə çağırıb.

Amma Çin dollara alternativ olaraq yuanın təşviqində əhəmiyyətli maneələrlə üzləşir. Ən ciddi problemlərdən biri böyük və artan ticarət profisitidir. Nəticədə, xaricdə dövriyyədə olan yuanın böyük hissəsi adətən yeni Çin mallarının alınması və ya Çinə olan borcların ödənilməsi üçün istifadə olunur. Bundan əlavə, Çin yuanın ölkə daxilində və xaricində hərəkətini ciddi şəkildə məhdudlaşdırır. Bu, Çin şirkətlərinin və vətəndaşlarının əmanətlərini qorumaq üçün xaricə göndərmələrinin qarşısını almaq və ya daha çox maliyyə gəliri əldə etmək üçün edilir. Lakin bu cür məhdudiyyətlər yuanı əcnəbilər üçün səmərəsiz dəyər anbarına çevirir. Son illərdə Pekin inkişaf etməkdə olan ölkələri Çinlə bəzi ticarət balanslarını yuanla həll etməyə inandırır. Avrasiya Qrupunun Sinqapur ofisinin Çin iqtisadçısı Dan Vanq deyib: "Çin yuanı Qərb mənasında qloballaşdırmır, lakin onun yerli şəkildə paylanmasını təşkil edir və öz valyutasını ticarət, ödənişlər və dövlətlərarası münasibətlərə, xüsusən də Qlobal Cənubda tətbiq edir". Çində dövlətin nəzarətində olan bank sektoru elektrik avtomobilləri, günəş panelləri və digər qabaqcıl texnologiyalar istehsalçılarına verilən kreditləri sürətlə artırır. Eyni zamanda, ölkənin mənzil bazarının çökməsi istehlakçıların xərclərinə ciddi zərbə vurub. Buna rəğmən, Çin dollar üçün ciddi təhdid yaratmaqda davam edir. Elə bu fonda Ağ Ev və Maliyyə Nazirliyinin rəsmiləri dollarlaşma üzrə ekspert Stiv Hanke ilə görüşüb, dolların digər ölkələr üçün əsas valyuta kimi təşviq edilməsini müzakirə ediblər. “Faynənşl Tayms” vurğulayır ki, bu yolla Donald Tramp administrasiyasının nümayəndələri Çinin dünyada dolların rolunu azaltmaq cəhdlərinin qarşısını almaq niyyətindədir. Artıq iki iclas keçirilib, lakin hələlik heç bir qərar verilməyib. Hanke bildirib ki, Çinin inkişaf etməkdə olan ölkələrə ABŞ valyutasından istifadəni azaltmağa çağırışları Ağ Evdə narahatlıq yaradır. O hesab edir ki, Birləşmiş Ştatlar dollarla ifadə olunan stabil koinlərin istifadəsini genişləndirməyə çalışır, ona görə də Amerika valyutasının təşviqi onlar üçün xüsusilə faydalıdır.

Ramil QULİYEV

Избранный
64
baki-xeber.com

1Источники