RU

Putin Rusiyada su problemini elə həll edir ki, qonşulara su problemi yaradılır - Xəzər quruyur...


Rəsul Cahangirli: “Bunun başlıca səbəbi Volqa çayından dənizə tökülən suyun azalması ilə bağlıdır”

“Su ehtiyatları problemi Rusiya ilə həmsərhəd olan ölkələr üçün getdikcə daha da kəskinləşir”. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Su ehtiyatları məsələsi təkcə bizim üçün deyil, həm də qonşularımız - MDB ölkələri üçün getdikcə daha ciddi problemə çevrilir. Bizdə, şükürlər olsun, vəziyyət normaldır, amma ətrafımızda bu çox kəskin məsələdir. O sahədə bizdə müəyyən rəqabət üstünlükləri var və bunlardan səmərəli şəkildə istifadə etməliyik”, - Putin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelqiriyevlə görüşündə bildirib.

Göründüyü kimi, Putin özlərində su probleminin olmadığından, ancaq qonşularda belə problemin kəskin olduğundan sanki məmnun qalıb. Ancaq bir şey var ki, Azərbaycana su problemi yaradanların biri elə Rusiyadır. Məsələn, Xəzər dənizinin suyunun azalması bilavasitə Rusiya ilə bağlıdır. Çünki Xəzərin su ilə təmin edilməsinin 80 faizi Volqa çayının payına düşür. Rusiyanın bu çay üzərində çoxsaylı bəndlər tikməsi səbəbindən Xəzərin suyu kəskin azalır. Su balansının pozulması istər-istəməz Azərbaycanda su ehtiyatlarında problemlərin yaranmasına, quraqlığa səbəb olur. Faktiki olaraq Rusiyanın ziyanlı fəaliyyəti Azərbaycana öz mənfi təsirini göstərir.

“Nəticədə Xəzərsahili ölkələrdən ən çox zərər çəkən Qazaxıstanla Azərbaycandır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirlinin fikrincə, Xəzərin dayazlaşmasının başlıca səbəbi Volqa çayından dənizə tökülən suyun azalması ilə bağlıdır: “Xəzərin suyu əsasən 3 çayın hesabına – Volqa, Terek və Kür - formalaşır. Son illər Rusiyada Volqa çayı hövzəsində məskunlaşma xeyli artıb. Sibirdən ora əhalinin axını var. Ancaq əsas problem Rusiyanın çay boyunca yaratdığı böyük təsərrüfatlardır. Məsələ ondadır ki, Rusiya Volqa üzərində 9 nəhəng su anbarı tikib. Həmin su anbarlarından kənd təsərrüfatı məqsədi ilə istifadə edilir. Bu da öz növbəsində Xəzərə axan suyun həcminin kəskin şəkildə azalmasına səbəb olur. Nəticədə Xəzərsahili ölkələrdən ən çox zərər çəkən Qazaxıstanla Azərbaycandır. Xəzərdə suyun azalması daha çox Qazaxıstan və Azərbaycanın ekoloji balansının pozulmasına öz mənfi təsirini göstərir. Çünki Rusiyanın su ehtiyatları, bol sulu çayları çoxdur. İstəsələr, həmin çaylar üzərində elektrik stansiyaları tikə bilərlər. Həmin çay hövzələrində kənd təsərrüfatı sahələrini inkişaf etdirmək mümkündür. Belə olarsa, Volqa çayının suyu Xəzərə yönələcək və dəniz dayazlaşmaqdan xilas olacaq”.

Vidadi ORDAHALLI

Избранный
56
14
baki-xeber.com

10Источники