RU

Dünya qəzetləri “sağ qalmağın” yolunu tapdı, bəs Azərbaycan? – Media kapitanlarından AÇIQLAMA

Dünya mətbuatı tarixində elə bir dövr yaşanır ki, “kağız qoxulu xəbər” artıq nostalji hissi doğurur. Texnologiya əsri, sosial media, onlayn platformalar – hamısı birlikdə qəzetlərin “oxucu payını” ələ alıb. Amma maraqlıdır ki, bəzi ölkələr bu reallığı məğlubiyyət kimi qəbul etməyib, əksinə, qəzetçiliyi yeni şəraitə uyğunlaşdıraraq onu yaşatmağın yollarını tapıblar.

Ən uğurlu nümunələrdən biri İsveç, Almaniya və Böyük Britaniyadır. Bu ölkələrdə qəzetlər yalnız çapa deyil, paralel şəkildə rəqəmsal platformalara da sərmayə qoydu. Məsələn, “The Guardian” uzun illərdir oxuculardan könüllü dəstək sistemi ilə – “supporter membership” modeli ilə maliyyələşir. Yəni oxucu istəsə, xəbər üçün pul ödəyir, istəməsə, xəbəri pulsuz oxuyur. Bu model qəzetə həm müstəqillik qazandırıb, həm də gəlir itkisini azaldıb.

Almaniyada “Die Zeit” və “Süddeutsche Zeitung” kimi qəzetlər abunə sistemini rəqəmsal mühitə daşıyıblar. Onlar xüsusi araşdırmalar, analitik yazılar və istisna məzmunu abunəçilərə təqdim edir. Beləcə çap və onlayn versiya bir-birini tamamlayır.

İsveçin “Dagens Nyheter” qəzeti isə tam fərqli yol seçib: oxucu məlumatlarının təhlilinə əsaslanan fərdiləşdirilmiş məzmun strategiyası. Yəni sistem oxucunun hansı mövzularda daha çox maraqlı olduğunu müəyyən edir və ona uyğun xəbərlər təqdim edir.

ABŞ-da qəzetçiliyin dirənişi “The New York Times” timsalında simvolik xarakter daşıyır. 2010-cu illərin əvvəlində qəzet çapdan rəqəmsala kütləvi keçid dövründə böyük böhran yaşadı. Lakin tədricən “digital subscription” – pullu onlayn abunə sistemi quruldu və bu gün “NYT” dünyanın ən çox gəlir gətirən media brendlərindən biridir. Təkcə 2024-cü ildə qəzetin rəqəmsal abunəçilərinin sayı 10 milyonu keçib.

wapo-washingtonpost-600_slmbsfl.jpg

Eyni yanaşma “Washington Post” və “Wall Street Journal”da da tətbiq olunur. Bu qəzetlər xəbər satmır, etibar satır – oxucu dəqiq və araşdırılmış informasiyaya görə pul ödəyir.

Fransa hökuməti çap medianı “demokratiyanın sütunu” kimi qəbul edir və hər il qəzetlərə ciddi maliyyə dəstəyi ayırır. Bu vəsaitlər birbaşa subsidiyalar deyil, daha çox vergi güzəştləri, poçt çatdırılması xərclərinin azaldılması, kağız istehsalında subsidiyalar şəklində təqdim olunur. Məsələn, “Le Monde” və “Le Figaro” kimi qəzetlər bu modeldən faydalanaraq həm çapa davam edir, həm də onlayn inkişaf edir.

Texnologiyanın mərkəzi olan Yaponiyada qəzet oxumaq hələ də gündəlik həyatın bir hissəsidir. “Yomiuri Shimbun”un tirajı 8 milyona yaxındır – bu, dünyada ən yüksək göstəricidir. Bunun sirri isə qəzetin hər səhər evlərə çatdırılma sistemini qoruması və oxucu ilə güclü etimad münasibətini saxlamasıdır.

Cənubi Koreyada isə çap medianın dirçəlişi hökumətin informasiya maarifləndirmə proqramları ilə dəstəklənir. Burada gənclərə mətbuat oxuma vərdişi məktəbdən aşılanır.

Azərbaycan mətbuatı hansı yoldadır?

Azərbaycanda qəzetçiliyin durumu xeyli çətindir. Çap tirajları minimuma enib, bir çox redaksiyalar fəaliyyətini dayandırıb. “Yeni Müsavat”, “525-ci qəzet”, “Azadlıq” kimi nəşrlər bir zamanlar ictimai fikri formalaşdıran güc mərkəzləri idi, amma indi bu ənənəni qorumaq asan deyil. Çap medianın əsas problemi maliyyə qaynaqları və reklam bazarının zəifliyidir. Əksər qəzetlər satışdan gələn gəlirlə xərclərini ödəyə bilmir. Digər tərəfdən, oxucu vərdişləri dəyişib – hər kəs xəbəri “ani” şəkildə sosial şəbəkədən almağa üstünlük verir.

Azərbaycanın mətbuat tarixində qəzetlər yalnız informasiya yox, milli düşüncə məktəbi rolunu oynayıb. İndi məsələ sadəcə tirajda deyil – oxucunu yenidən qəzetə qaytarmaq, mətbuatın etibarını bərpa etməkdədir.

resad-1.jpg

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Musavat.com-a açıqlamasında bildirib ki, çap mətbuatının davam gətirməsi mümkünsüzdür. Onun sözlərinə görə, dövlət yazılı mətbuatın yaşaması üçün uzun illər dəstək olub və bunun hesabına qəzetlər fəaliyyət göstərir:

“Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur.

Mətbuatda indi “ChatGPT”nin yazdığı yazılar çap olunur. Onlar da hissiz və duyğusuz olur. Bu baxımdan çap mətbuatının gələcəyi çox pessimist görünür. Lakin çalışmaq lazımdır ki, yeni mediada çox peşəkar təhlil, müsahibə, reportaj janrlarını qoruyub saxlayaq. Çünki bu xaotik dövr keçib gedəcək və peşəkar jurnalist araşdırmalarına ehtiyac yaranacaq. Hər halda ümid sonda ölür”.

334908.jpg

Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna.az saytının baş redaktoru Elçin Şıxlı mövu ilə bağlı fikirlərini bölüşüb:

“Azərbaycanda ümumiyyətlə, qəzetlərin yaşaması və yayılması üçün heç bir şərait yoxdur. Dünyada isə qəzetlərin tirajları azalsa da, hələ də çap olunur və insanlar oxuyurlar. Çünki onlara əlçatanlıq var. Bizim paytaxtımızda isə qəzet köşklərində siqaret, şirəli sular, badımcan, xiyar satılır. Qəzetləri saralmış vəziyyətdə bir küncdən qoyurlar. İnsanlar qəzeti bir neçə dəfə axtarıb tapa bilməyəndən sonra başın buraxıb, çıxıb gedirlər. Buna görə də qəzet göz önündə olmalıdır.

Qəzetlərə abunəlikdən də danışmaq istərdim. Azərbaycanda nə poçt qutusu, nə də poçtalyon qalıb. Əgər oxucuya qəzet günortadan sonra çatdırılırsa, o, artıq həmin qəzetdən istifadə etməyəcək. Çünki oxucu o müddətə kimi xəbəri sosial şəbəkədən, saytlardan almış olacaq. Beləliklə, ölkəmizdə qəzetlərə abunə olmaq sistemi də iflasa uğrayıb. Azərbaycanda qəzetə əlçatanlığı bərpa etməmiş və onun içindəki materialların keyfiyyətini artırmadıqca qəzetçilik məhv olacaq.

Qəzetlər artıq xəbər çatdırma vasitəsi kimi rolunu itirib. Çünki elektron platformalar var və onlar daha çevikdirlər. Qəzetdə həmin xəbərlərin açılması, təhlili verilməli, hansısa elmi araşdırmaların nəticələri göstərilməlidir. Bunlardan sonra Azərbaycanda qəzetçilikdən danışmaq mümkün olar. Qəzetlər reklamla işləməlidir. Bu isə iqtisadiyyatdan və iqtisadiyyatın qollarından asılı olacaq. Ümumilikdə isə dediyim məsələləri həll etsək, yazılı mətbuatı dirçəltmək olar”.

428226.jpg

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, internet mediası yazılı mətbuatı qabaqlayıb:

“Dünyada qəzetlər ümumi media holdinqlərinin tərkibində fəaliyyət göstərir. Həmin holdinqlərin həm internet saytları, həm tv-ləri, həm də yutub kanalları var. Qəzet də onların timsalında klassik jurnalistika nümunəsi kimi fəaliyyət göstərir.

Türkiyədə əvvəllər “Hürriyet”, “Sabah” kimi qəzetlərin əlavələri çap olunurdu. İndi onlar da səhifələrin sayını azaldıblar. Daha çox lazım olan, müəyyən hədəf qruplarına hesablanan yazıları çap edirlər. Qəzetçilik ona görə lazımdır ki, klassik media institutu qorunub saxlanılsın. 50-60 və ondan çox yaşı olan insanların əsas informasiya mənbəyi qəzetlərdir. Ancaq təəəsüf ki, bu hədəf qruplarına yönəlik siyasət həyata keçirsək də, yayım şəbəkələri buna imkan vermir. Demək olar ki, yayım şəbəkələri Azərbaycanda dağılmış vəziyyətdədir. Qəzet yayımı ilə məşğul olan şirkətlərin sayı durmadan azalır. Ancaq təyinatı üzrə qəzet satışı ilə məşğul olan şirkətlər də sadəcə qəzetin adından istifadə edib öz biznes strukturlarını qururlar. Bir ölkənin iqtisadi, siyasi, sosial həyatını ən gözəl əks etdirən qəzetdir. Biz 100 il əvvəlki hadisələri öyrənmək üçün qəzetlərə üz tuturuq. 50-70 il sonra da bizim Zəfər tariximizi yazacaq insanlar, tarixçilər qəzetlərə üz tutacaqlar. Çünki onlayn resurslarda bu məlumatların qalıb- qalmayacağı bəlli deyil.

Həm də klassik jurnalistikadan imtina gələcək jurnalistikanın imtinası deməkdir. Heç bir inkişaf etmiş dövlət kağız mətbuatından birdəfəlik imtina etmir. Azərbaycanda bu baş versə, çox ağır fəsadları ilə üz-üzə qalacağıq. Qəzetçilik ictimai institutdur, jurnalistlər redaksiyalarda formalaşır. Bünövrədən imtina etsək, nə ilə qarşılaşacağıq? Üç nəfərdən ibarət saytda hansı yaradıcılıq atmosferi formalaşacaq?”

Şahanə Rəhimli
Musavat.com

Избранный
27
1
musavat.com

2Источники