RU

Eltun Süleymanov: "Ölkə Prezidenti cənab İlham Əliyevin planlı və ardıcıl siyasəti xalqımızı tarixi zəfərə aparan yoldur"



8 Noyabr-Azərbaycan tarixinin səhifələrində, xalqımızın yaddaşında sönməz nur kimi qalan gündür. Bu tarixdə yalnız torpaq azad edilmədi, həm də xalqın ruhu azadlığa qovuşdu. Qarabağın işğaldan azad olunması 44 günlük döyüşlərin nəticəsi kimi deyil, iki əsrlik milli mübarizənin qurtuluş zirvəsi kimi tarixə həkk olundu.
Bu Qələbə göstərdi ki, ədalət nə qədər geciksə də, xalqın iradəsi ilə gecikmiş ədalət mütləq qayıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi; "Biz bu günləri illərlə gözləmişdik. O günlər gəldi, çünki xalq öz iradəsinə, ordusuna və liderinə inandı."

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Azərbaycan dövlətinin müasir tarixi, əslində, azadlığa aparan planlı və ardıcıl siyasətin tarixidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu kursu cənab Prezident İlham Əliyev “güclü dövlət-qalib xalq” fəlsəfəsi ilə yeni mərhələyə daşıdı. Müstəqillik illərində dövlətin bütün inkişaf konsepsiyası bir məqsədə – ərazi bütövlüyünün bərpasına yönəldi. Ordu quruculuğu dövlət siyasətinin mərkəzinə çevrildi. Hərbi sənaye inkişaf etdi, Azərbaycan öz silahını istehsal edən, öz texnologiyasını yaradan ölkəyə çevrildi. İllər ərzində görülən bu işlər təsadüfi deyil, Zəfərə hesablanmış planlı siyasətin bəhrəsi idi. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayırdı:
"Azərbaycanın güclənməsi mənim əsas missiyamdır və biz bu məqsədə çatdıq." Azərbaycan xalqının taleyi uzun illər boyu deportasiyalar, soyqırımlar, işğallarla sınağa çəkildi. 1905-ci ilin faciələri, 1918-ci ilin qırğınları, 1948–1950-ci illərin köçürmələri, 1988–1993-cü illərin işğalı — bütün bunlar bir millətin iradəsini sınamaq cəhdi idi.
Amma xalq sınmadı. O, yaddaşında acını qorudu, onu mübarizəyə çevirib sabaha daşıdı.
2020-ci ilin payızında bu mübarizə öz ədalətli sonluğunu tapdı. Ermənistanın növbəti təxribatı ilə başlayan döyüşlər xalqın “artıq bəsdir!” dediyi andan Zəfərə çevrildi.
Azərbaycan Ordusu “Dəmir yumruq”la əsrlərin ədalətsizliyini 44 günə sındırdı. Cənab Prezident İlham Əliyevin dediyi kimi; "Şuşa azad olunanda mən bildim ki, müharibə bitdi, Qələbə bizimdir." 44 gün ərzində Azərbaycan Ordusu yalnız irəliləmədi – tarixi bərpa etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Şuşa — bu adlar artıq müstəqilliyin, qəhrəmanlığın və xalq ruhunun simvoludur. Şuşa əməliyyatı təkcə hərbi deyil, həm də mənəvi qələbə idi. Çünki Şuşa azad olanda, Qarabağ da azad oldu. 9–10 noyabr tarixlərində imzalanan Üçtərəfli Bəyanat bu Zəfəri rəsmiləşdirdi. Beləliklə Azərbaycan beynəlxalq hüququn bərpasını silahla deyil, haqqı ilə qazandı. Bu müharibənin başqa bir cəbhəsi də vardı – informasiya və diplomatiya meydanı. Cənab Prezident İlham Əliyev 44 gün ərzində dünyanın aparıcı media nəhənglərinə verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Onun qətiyyətli, dəqiq və hüquqa əsaslanan arqumentləri sayəsində beynəlxalq ictimaiyyət ilk dəfə həqiqəti aydın gördü. "Biz sülh istəyirik, amma ədalətli sülh. Biz haqqımızı döyüşlə bərpa etdik." – deyən cənab Prezident bu savaşın mənəvi qalibi də oldu. Vətən müharibəsi zamanı Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın arxasında dayanan qardaşlıq gücünü bir daha göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” sözləri xalqımız üçün həm ruh, həm də əzmkarlıq mesajı idi. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu birliyi rəsmi müttəfiqliyə çevirdi. Artıq Azərbaycan-Türkiyə münasibətləri regionun sülh və təhlükəsizlik modelidir. Cnab Prezidentin də dediyi kimi; "Biz bir millət, iki dövlət olaraq bölgədə ədalətin təminatçısıyıq." Qarabağ Zəfərinin əsasında xalqın birliyi dayanırdı. Dövlət, ordu, xalq-bir amal, bir ürək, bir hədəf uğrunda birləşdi.

Bu birlik “dəmir yumruq” simvolunda ifadəsini tapdı və tarixdə qalacaq bütün nəsillərə dərs olan milli həmrəylik nümunəsi yaratdı.
Zəfər Günü – 8 Noyabr artıq təkcə tarix deyil, Azərbaycançılıq ideyasının canlı simvoludur. Bu Qələbə Ulu Öndər Heydər Əliyevin müstəqillik fəlsəfəsinin və cənab Prezident İlham Əliyevin dövlətçilik vizyonunun parlaq təcəssümüdür. Azərbaycan sübut etdi ki, güc yalnız silahda deyil, xalqın inamında, liderin iradəsində və dövlətin sabitliyindədir-deyə E. Süleymanov fikrini tamamlayıb.



Избранный
61
aia.az

1Источники