RU

"Əminəm ki, "Çelsi" ilə oyunda yüzfaizli qol imkanlarımız olacaq"

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda "Çelsi"ni qəbul edəcək. Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb İngiltərə nəhəngi ilə görüşdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İngiltərə futbolunun səviyyəsi hamıya məlumdur. Əminəm ki, "Çelsi" ilə oyunda yüzfaizli qol imkanlarımız olacaq. Müdafiədə daha diqqətli, daha konsentrasiyalı oynamalıyıq. Əlbəttə, rəqib dominantlıq etməyə, topu özündə saxlamağa çalışacaq. Sürətli əks-hücumlar qura, onların futbolçularına qırmızı vərəqə almağa məcbur edə bilərik. Düşünürəm ki, "İmişli" ilə son çempionat oyununda meydana buraxılan heyət məhz "Çelsi"yə qarşı oynayacaq heyət idi. Fikrimcə, nominal hücumçu mövqeyində ilk dəqiqələrdən Kamilo Duranı görəcəyik. Belədə, Leandro Andrade də öz cinahında yer alacaq. Leandro rəqib müdafiəsinə problemlər yarada, sürəti sayəsində London təmsilçisinin oyunçularına qırmızı vərəqə verdirə bilər. Duranın özü də bütün imkanları dəyərləndirməsə də, "Benfika"nın qapısına səfərdə yol tapıb. Ümid edək ki, Bakıda da belə olacaq. Şübhəsiz, bizim qapımız qarşısında da təhlükəli vəziyyətlər izləyəcəyik. Rəqibin pressinqinin öhdəsindən gəlsək, hücumda bizdə nələrsə alınacaq. Yəni söylədiyim kimi, ən önəmli məqam müdafiədə intizamı qorumaq, hücum və müdafiə xəttimiz arasında boşluqlar buraxmamaqdır. Bəzən hücum xətti çox irəli gedir, müdafiə ilə hücum arasında çox ərazi qalır. Bu məqama diqqət yetirməliyik. Xal almaq ehtimalımız isə təbii ki, var".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək.

Nihat

Избранный
55
1
fanat.az

2Источники