RU

“Çar-prezident”in ambissiyası və Trampın qeyri-müəyyən “yelləncəyi”

Rusiyanın bir ildən çoxdur işğal edə bilmədiyi, Ukrayna əsgərlərinin qəhrəmanlıqla müdafiə etdiyi Pokrovsk bölgəsi bu günlərdə ağır, çətin vəziyyətdədir. 170 minlik işğalçı ordunun qarşısında dayanan cəmi 20 min Ukrayna əsgəri həqiqətən qəhrəmanlıq nümunəsi göstərir. Vladimir Putin noyabrın 20-dək Pokrovsk və Mirnoqrad şəhərlərini işğal etmək tapşırığı verib. “Ət müharibəsi” prinsipi ilə döyüşə girən Rusiya Ordusu Pokrovsk bölgəsini tam mühasirəyə ala bilməsə də, buna yaxın bir mövqedədir. Bəlkə də Ukrayna Kəşfiyyat Baş İdarəsinin rəhbəri general-leytenant Kirill Budanovun son anda desant dəstəsi düşmən arxasına keçib düşmənə ciddi itkilər verməsəydi, Pokrovsk tam işğala məruz qala bilərdi.

Rusiya

Putin Noyabr ayının 20-dək ona görə Pokrovsk şəhərini işğal etmək istəyir ki, Trampın “Rosneft” və “Lukoyl”-a tətbiq etdiyi sanksiya həmin gündən qüvvəyə minir. Üstəlik, Putin Donetsk vilayətinin qalan hissəsini də işğal edəndən sonra dünyaya bildirmək istəyir ki, çoxdandır söylədiyi şərt( Donetskin işğal olunmayan hissəsi) qəbul olunmadığı üçün, guya o şəraiti hərblə yaratdı və bundan sonra danışıqlara başlayıb, əlavə şərtlər də irəli sürməklə atəşkəs razılığına gələ bilər. Beləliklə, Putin özünün “qalib” obrazını yaradıb, bu günədək verdiyi canlı və iqtisadi itkilərin məhz sonda “Qələbə” ilə bitdiyini Rusiya cəmiyyətinə elan etmək niyyətindədir. Gecə-gündüz Kremlin təbliğat maşını Rusiya çarlarının necə ərazi tutduqlarının tarixini yenidən qabartmaqla, indiki “çar-prezident” Putinin də Rusiya imperiyasının ərazilərini böyüdən dövlət başçısı kimi tarixə düşdüyünü sübut etmək istəyir. Putinə bu “qələbəni” yaşamağı dörd ildir ki, Ukrayna xalqının əzmkarlığı imkan vermir. Amma, vəziyyət getdikcə çox ağırlaşır. Əgər Rusiya-Ukrayna müharibəsinin sonluğu Putinin planı ilə başa çatarsa günahkarlar kimlər olacaq? Tarix bu ədalətsizliyin hesabını kimdən soracaq? Yaxın zamanda baş verənlərə bir də kiçik ekskurs etsək suala qismən cavab tampış olarıq.

Putinin

İkinci Dünya müharibəsindən sonra hansı bir dövlət beynəlxalq hüquqla tanınmış ərazini işğal edərək Konstitusiyasına dəyişiklik etməklə həmin ərazilərin dünya tərəfindən tanınmasını tələb edib? İsrailin tutduğu ərazilər dünya tərəfindən qəbul edilməyib. Türkiyə Şimali Kiprə qoşun yeridib yerli türkləri xilas etsə də, bu yerin Türkiyə Respublikasının ərazisi olduğunu iddia etmədi. Yalnız, Rusiya işğal etdiyi Ukrayna torpaqlarını tələsik qondarma referendumla öz ərazisinə qatıb və dünyadan tələb edir ki, bu əraziləri Rusiya torpağı kimi tanısınlar. Bu iddianın reallaşması yalnız Ukraynanın deyil, elə dünyanın, ilk növbədə ABŞ-nin və Avropanın məğlubiyyəti, hüququn deyil, gücün hüququnun işlədiyi fəlakət nümunəsi olacaq.

Yeni

Səlahiyyətlərini həyata keçirdiyi gündən bu vaxtadək ABŞ prezidenti Donald Trampın Ukraynaya qarşı mövqeyinə və Rusiyaya yönəlik siyasətinə baxanda belə təsəvvür yaranır ki, ABŞ prezidenti faktiki olaraq Donbasın tam işğalını gözləyir. Zelenskiyə qarşı ilk gündən göstərdiyi aqressiv münasibət, Putinə isə xüsusi heyranlıq və loyallıq gətirib ona çıxarıb ki, Putin Pokrovsk istiqamətində 170 min qoşun toplayıb və nəyin bahasına olursa olsun, bir neçə günə bu qəhrəman şəhəri, ardınca Donetsk vilayətinin 15 aydan çoxdur işğal edə bilmədiyi qalan ərazilərini də tutub Rusiya bayrağını qaldırsın.

ABŞ prezidenti Trampın Ukrayna siyasətini qeyri-müəyyənliyin zirvəsi hesab etmək olar. “Tomohavk”ın verilib verilməyəcəyi hələ də qeyri-müəyyəndir. Si Cinpinlə Rusiya neftinin alınmasının azaldılması, Rusiyaya - Ukrayna müharibəsini bitirmək üçün Çinin təzyiq göstərməsi, Rusiyaya qarşı digər sanksiyaların tətbiq ediləcəyinin bilinməməsi, Ukraynada müharibəni bitirməyi şərtləndirən konkret tələbin Rusiya prezidenti qarşısında bu günədək qoyulmaması qeyri-müəyyənliyin bariz nümunələridir.

Trump

Amma, Ukraynaya silahın biznes prinsipi ilə, yəni satmaqla çatdırılması, Rusiya təhlükəsinin bu qədər yaxınlaşdığı bir vaxtda Avropanın bəzi ölkələrindən Amerika qoşunlarının çıxarılması barədə qərar verilməsi, göstərir ki, Tramp dünya siyasətinə də biznesmen təfəkkürü ilə yanaşır və bu siyasətin ciddi fəsadlar, hətta fəlakətlər gətirdiyinin və gətirəcəyinin hələ ki, fərqində deyil. Bəlkə də, Ukrayna müharibəsi olmasaydı, Trampın bu siyasətinin doğru olduğunu demək olardı. Necə deyərlər, indi nə zamanı, nə yeri deyil. Qısası, Trampın qeyri-müəyyən “yelləncəyi” hələ çox o tərəf-bu tərəfə yellənəcək.., amma hələ ki, real, müsbət nəticə verəcək şəkildə Kiyev tərəfə üz tutmayıb.

Bəşəriyyət nəyi müşahidə edir? Trampın özünə vurğunluğunu, Putinin sərhəd bilməyən imperiya eqosunu. Kim güclü çıxacaq? Son günlər nüvə təlimlərinin başlamasını elan edən Trampmı, “Burevestnik”, “Oreşnik”, “Sarmat” və sairə raketlərlə öyünən, hədə-qorxu gələn Putinmi? Belə bir mürəkkəb vəziyyətin hədəfi Ukraynadan çox Üçüncü dünya müharibəsi ola bilərmi?

Mərkəzi

Problem ondadır ki, Putin Rusiyanı “qalib ölkə”, özünü “qalib çar” kimi təqdim edərsə.., dayanmayacaq. Postsovet məkanının ən böyük respublikası Ukraynanı məğlub etmə eyforiyası Putini növbəti hədəflərə aparacaq. O hədəflərin içərisində Mərkəzi Asiya, Cənubi Qafqaz və bütün Avropa da var.

Bütün bu perspektivlərin baş verməməsi üçün ümid yenə də Avropa İttifaqı və Böyük Britaniyaya, “İstəklilər koalisiyası”nda təmsil olunan digər dövlətlərədir. Bu qüvvələrin Ukraynaya dəstəyinə, ABŞ prezidentinə göstərə biləcəkləri təzyiqinə böyük ümidlər var. Hətta Pokrovsk itirilsə belə, Ukrayna məğlub, Rusiya “qalib” olmayacaq.

İlham İsmayıl
Musavat.com

Избранный
42
musavat.com

1Источники