RU

Bunlar Ramiz Mehdiyevin adamı olaraq qara siyahıya düşəcəklər

Bir neçə il əvvəl Fövqəladə Hallar Nazirliyində baş verən biabırçılıq hamının yadındadır. Bir nəfər yüksək rütbəli şəxsin nazirlikdə çalışan onlarla xanım əməkdaşla verdiyi hoqqalar və onların videogörüntüləri cəmiyyət içində bomba kimi partlamışdı. Müzakirələr, mülahizələr, əsaslı, əsassız ittihamlar bir tərəfə, yaxınları həmin nazirlikdə işləyənlərin narahatçılığı daha çox qabarmış, bəzən də tradikomik mənzərə yaratmışdır.
Kimin ki, anası, yoldaşı, bacısı orada işləyirdi narahatçılığı birəbeş artmışdır. Yuxusu ərşə çəkilən, gözü sosial şəbəkələrdə qalan, qulağı qonum-qonşu ağzına dikilən kim. Hətta, cəmiyyət arasında bir sıra lətifələr belə yayılmışdır. Məsələn, yayılan səs yazılarından biri belə idi. "Filankəs, səhərdən evdə oturub interneti izləyirəm. Mamam (anam) Fövqəladə Hallar Nazirliyində işləyir qorxuram görüntüsü yayılanlar içində birdən o da olar". Əlbəttə ki, bunlar vəziyyəti izah edən və cəmiyyətin özünün əylənmək xatirinə uydurduğu lətifələr idi. Ancaq acı həqiqət də qaçılmaz idi ki, bəzi kadrlar həqiqətən də o nazirlikdə vəzifə səlahiyyətlərini aşaraq əxlaqsız hərəkətlərlə məşğul olmuşdur.
Bütün bunları yada salmaqda məqsədim odur ki, hazırda Azərbaycan cəmiyyətində rezonans doğuran son hadisələr, yəni "boz kardinal" adlandırılan Ramiz Mehdiyevlə bağlı söz-söhbətlər Fövqəladə Hallar Nazirliyində baş verən hoqqalarla haradasa oxşarlıq təşkil edir. O zaman adları hallanacaq və yaxud da görüntüləri yayılacaq deyə iynə üstündə oturanlar kimi, bu gün də Ramiz Mehdiyevin adamı olaraq adı siyahıya düşəcək qorxusu çəkənlərin həyacanı eynidir.
Ramiz Mehdiyevin adamı deyə adı hallanan, zamanında at oynadan bəzi post sahibləri bu gün cücə balasına dönüb. Yəni, qoxudan varkən yoxa çevrilib. Bəziləri isə yenə də öz adətlərindən əl çəkmir, cəmiyyəti çaşdırmağa çalışır. Açıqlama və müsahibələrində elə arqument və faktlar gətirməyə çalışır ki, sanki heç Ramiz Mehdiyevi tanımayıb. Unudurlar ki, tarix yazılır, onu saxtalaşdırmaq, silmək olmur. Əks halda, bu düşüncə tərzi əbləhlərə xasdır. Hamısı qanun qarşısında cavab verəcək.
Doğrudur, onlar çoxdur və bir-bir də ifşa olunurlar. Hazırda qorxu, təlaş içində dövlətə xəyanətdə adlarının hallanmasından qorxanların sayı, hesabı yoxdur. Görünür, Ramiz Mehdiyev dövlət içində dövlət qurmaq xülyası ilə öz yetirmələrindən ibarət böyük bir dəstə yaradıb. Əlbəttə ki, Azərbaycan dövləti qanunvericilik daxilində tələb olunan qaydalara uyğun şəkildə bir-bir dövlətə xəyanət edən insanları ifşa edərək zərərsizləşdirir.
Acınacaqlı halllardan biri də ondan ibarətdir ki, bu kimi adamlar yüksək postlarda oturan və illərlə milyonları, milyardları oğurlayanlardır. Bu gün həmin adamlar tutduqları vəzifələrlə yanaşı, yığdıqları dəyəri milyonlarla olan əmlakları da itirmək qorxusu yaşayırlar. Bilirlər ki, adları Azərbaycan tarixində satqın, xain və Vətənə xəyanətdə hallanacaq. Bu isə əxlaqsızlığın başqa bir növüdür. Ümumən isə ya iş yerində əxlaqsızlıqla məşğul olmaq, ya da dövlətə xəyanət etmək hamısı əxlaqsızlıqdır.
Ramidə Allahverdiyeva, publisist
PS. Onu da qeyd edək ki, Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev Fövqəladə Hallar nazirinin müavinidir. Deməli, bənzətməmdə yanılmamışam.
Избранный
28
news365.az

1Источники