RU

Bağışla məni, Vətən, səninçün bir iş gəlmədi əlimdən Həsən Azərinin şeirləri

ain.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Həsən Azərinin şeirlərini təqdim edir.

Əslən cənubi azərbaycanlı olan, lakin daha çox fars dilində yazıb-yaradan Həsən Azəri 1975-ci ildə Təbriz yaxınlığındakı Bostanabad şəhərində dünyaya gəlib. Hal-hazırda Tehranda yaşayır. İlk şeir kitabı olan “Gözlərinin haşiyəsindən” 1998-ci ildə işıq üzü görüb. Digər şeir kitabları: “Limon ətri verən sübh çağı” (2013), “Küləklər harada ölür?” (2014), “Pərdələri çəkdin” (2016), “Sirayət” (2018).

Anamdan soruşmuşdum:

– Dərəcəyim gülləri

necə edim ki, heç vaxt qurumasınlar?

Demişdi ki, ək, sevgilinin ətəyinə ək.

Atamdan soruşmuşdum:

– Yaralarına nə etmisən ki,

onlardan bir iz də qalmayıb?

Demişdi ki, bağlamışam.

Sevgilimin yaylığıyla bağlamışam.

Qardaşıma dedim:

– Necə edirsən ki, heç kəs görməyib əsla

sənin ağladığını?

Dedi ki, səni ağladan hər şeyə

kədər demə, ad tap ona

və adıyla çağır...***Sarıl mənə.

Elə bərk sarıl ki, heç kəs anlamasın

yaranın

mənim,

yoxsa sənin bədənində olduğunu.

***Fillər gölməçədən su içirlər.

Dovşanlar gölməçədən su içirlər.

Fillərin də, dovşanların da

kölgələri eyni çəkidədir.

Bunu gölməçənin könlü bilir.

Böyük bir kədər keçir içimdən.

Kiçik bir kədər keçir içimdən.

Böyük kədər də, kiçik kədər də

eyni ağırlıqdadır.

Bunu mənim könlüm bilir.

***Bir adam öldürsən,

qatilsən.

Bir neçə adam öldürsən,

cəlladsan.

Onlarla adam öldürsən,

əsgərsən.

Yüzlərlə adam öldürsən,

qəhrəmansan.

***

Sərhəddəki çayın sahilindən

kiçik bir daş götürüb

vıyıldatdım sərhədin o üzünə.

Bağışla məni, Vətən!

Səninçün bir iş gəlmədi əlimdən

çiynindəki kiçik bir yükü

götürməkdən savayı.

***

Biri soruşdu:

– Ağacın arxası, qabağı haradır?

O biri dedi:

– Ağacın arxası, qabağı olmur.

Başqa biri gülərək bu sözlərə

“Ağacın baltalanan tərəfi

arxası sayılır” demək istədi.

– Sizdən nə gizlədim?

Soruşan da,

deyən də,

gülən də –

hər üçü mən idim.

– Mən amma

onlardan heç biri deyildim.

Çünki ağac idim mən.

Ağac

nə soruşar,

nə deyər,

nə də gülər.

***

Xudahafizləşərkən

havada əl yelləyən kəs

sanki bir şüşəni silir.

Bəli, vidalaşarkən

ikiyə bölünür sanki dünya

görünməz bir şüşə ilə.

***

Su

suyu batırmır.

Külək

küləyi dağıtmır.

Torpaq

torpağı basdırmır.

Od

odu yandırmır.

Amma insan

insanı...

***

İnsanlar

qəzet satılan köşklərin önündə

təzim edirlər.

Söylə,

hansı hadisə,

hansı xəbər

əyilməyimizə dəyər?

Fars dilindən tərcümə edən: Məhəmməd Nuri

O, həyat yoldaşını öldürəndən sonra niyə özünü asdı?

Məşhur aktyor böyrəyini tanımadığı şəxsə bağışladı

"Bu hərəkətlərinə görə xalqın yaddaşından silinəcəklər" - Şuşalılara müraciət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
kulis.az

1Источники