ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində ənənəvi Payız festivalı – Məhsul bayramı böyük coşqu ilə qeyd edilib.
Doğru.az xəbər verir ki, tarixən xalqımız üçün bolluğun, ruzinin və bərəkətin simvolu sayılan məhsul bayramı bu dəfə də xeyriyyə və paylaşma ruhu ilə keçirilib. Festivalın əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və cəmiyyət üçün faydalı gənclər yetişdirmək olub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət rəsmiləri, ADA Universitetinin və məktəbin müəllimləri, tələbələr, tərəfdaş şirkətlər, valideynlər və məzunlar iştirak ediblər.
Açılışda ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bu bayramın ümumi dəyərlər və xeyriyyəçilik ətrafında insanları birləşdirdiyini vurğulayıb.
Rəsmi hissədən sonra tədbir rəngarəng bədii proqramla davam edib. Şagird və tələbələrin musiqi və rəqs ifaları, eləcə də xalq artisti Zülfiyyə Xanbabayevanın çıxışı bayrama xüsusi rəng qatıb.
Festival çərçivəsində xeyriyyə məqsədli sərgi-satış təşkil olunub. Yığılan vəsait ADA İbtidai Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə həyata keçiriləcək təhsil yönümlü sosial layihələrə yönəldiləcək.
Keçən il toplanan vəsait 1 saylı Ailə tipli kiçik qrup evində təhsil layihələrinin reallaşdırılmasına sərf olunub.
Tədbirin baş sponsoru və tərəfdaşı “Veysəloğlu” Şirkətlər Qrupu olub. Festivalda həmçinin “Araz”, “Oba”, “Xonça”, “Rossmann”, “Paul”, “Fryday”, “Cinnabon”, “Absheron Olive Garden”, “Maxprint” və “Referans Medical Group” kimi şirkətlər də iştirak edib.
Bayramda ölkəmizin müxtəlif bölgələrindən gətirilən təbii məhsullar, şirniyyatlar və yerli istehsal nümunələri satışa çıxarılıb və xeyirxahlıq ruhu tədbirin əsas mövzusuna çevrilib.
DOĞRU.AZ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 