Auqsburq, 1 noyabr, AZƏRTAC
Almaniyada Çalışan Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) yubiley konfransının Auqsburqdakı keçirilməsi mənim üçün də xüsusilə əlamətdardır. Çünki mən özüm bu şəhərdə işləyirəm. Bu, mənə bu tədbirin təşkilində bilavasitə iştirak etməyimə imkan verdi. Bu konfransa uzun müddətdir hazırlaşırdıq və hazırlıq işlərində AMD-nin bütün üzvləri fəal iştirak ediblər. Bu baxımdan yubiley konfransımızın yüksək səviyyədə keçirilməsi bizim üçün çox sevindiricidir. Ümid edirik ki, iştirakçılar konfransımızdan məmnunluqla ayrılacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə AMD-nin idarə heyətinin üzvü, Auqsburq şəhərində çalışan ginekoloq Mina Mustafayeva AZƏRTAC-a müsahibəsində deyib.
Konfransda müzakirə olunan mövzuların dəqiqliklə seçildiyini vurğulayan Mina Mustafayeva deyib: “Burada müzakirə olunan mövzulardan biri də aktuallığını gündən-günə artıran süni intellektdir. Digər sahələrdə çalışan şəxslər kimi, həkimlərdə də müəyyən narahatlıqları var ki, bir gün süni intellekt onları əvəz edə bilər. Bugünkü müzakirələrdə də qeyd olundu ki, süni intellektin hazırda insan faktorunu əvəz edə biləcək səviyyədə deyil. Çünki elm, texnologiya, eləcə də süni intellekt nə qədər inkişaf etsə də, sonda ən son qərarı məhz insanlar, həkimlər verirlər”.
AMD-nin uğurlu fəaliyyətinə toxunan idarə heyətinin üzvü qeyd edib: “Birliyimizin fəaliyyətinin əsas istiqamətlərindən biri də Almaniyadakı həkimlərimizin şəbəkələşməsidir və bu da ən çox illik görüşlərimiz sayəsində baş verir. Bu gün burada 120 həkimin iştirakı da bu istiqamətdə fəaliyyətimizin daha bir göstəricisidir”.
AZƏRTAC-ın xüsusi müxbiri
Auqsburq