RU

Deputat: “Xaosun simvoluna çevrilmiş AXCP və Müsavat siyasi sistemdə bundan artıq mövcud ola bilməzlər və olmamalıdırlar”

“Hazırda elə bir tarixi mərhələyə qədəm qoymuşuq ki, Azərbaycanın siyasi sistemi yenidən təşkilatlanmalıdır. Çünki qələbəmizə qədər formalaşan siyasi sistem Qarabağ münaqişəsi ətrafında çoxsaylı manipulyativ siyasi təfəkkürlə formalaşmışdı. Bu gün isə zəruri ehtiyac var, həm də cəmiyyətin sifarişidir ki, siyasi sistemimiz yenidən şəffaf şəkildə formalaşsın, kimin kim olduğu, hansı partiyanın nəyə xidmət etdiyi bəlli olsun, biz ictimai həmrəyliyimizi qorumaqla milli gücümüzü daha da artıraq. Son günlər baş verən hadisələrə baxsaq, görəcəyik ki, Azərbaycanda dövlət içərisində fəaliyyət göstərərək müxalifətlə əlbir olan xüsusi qruplaşmalar – “beşinci kolon” nümayəndələri olub və bunların başında vətənə xəyanət ittihamı ilə təqsirli bilinən Ramiz Mehdiyev dayanıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputatın sözlərinə görə, hazırki prizmadan geriyə dönüb, 2023-cü ildə keçirilən prezident seçkilərindən sonra baş verən xaosu, ondan sonrakı dövrdə rəngli inqilablar mərhələsində Azərbaycanın legitim hakimiyyətinə təzyiqləri analiz edilsə, hətta 2013-cü ildə Nauman Fondu, Adenauer Fondu vasitəsilə seçkiləri pozmaq cəhdlərinə diqqət edilsə, görünəcək ki, burada hakimiyyət daxilində oturaraq müxtəlifətlə əlbir olan bir Ramiz Mehdiyev-radikal müxalifət tandemi var: “Bu nədir? Bu, əlbəttə ki, Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı fəaliyyət, milli xəyanət yolunu seçməkdir. Həmin dövrlərin siyasi təhlili göstərir ki, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları daim Ramiz Mehdiyev komandası tərəfindən təlimatlandırılıb, dövlətə qarşı addımların atılması təşviq edilib, sonra da uyğun təlimat əsasında geri çəkilmələr baş verib. Beləliklə, “beşinci kolon”un və Ramiz Mehdiyev komandasının əldə etdikləri çoxsaylı qazanclar olub ki, o da bu gün artıq maddiyyata çevrilmiş formada Azərbaycan ictimaiyyətinə bəllidir. Hazırda Azərbaycan cəmiyyəti nəyi gözləyir? Azərbaycan siyasi sistemində radikalizmin, xaosun və qarşıdurmanın simvoluna çevrilmiş AXCP və Müsavat Partiyası siyasi sistemdə bundan artıq mövcud ola bilməzlər və olmamalıdırlar. Çünki tariximizin, dövlətçiliyimizin, xalqımın taleyi həll olunanda - Qarabağ müharibəsində belə AXCP bütövlükdə torpaqlarımızın işğaldan azad olunmasını dəstəkləmədi. Müsavat Partiyası isə yenə həmişə olduğu kimi öz siyasi elektoratını yarı yolda qoydu. Əslində, Müsavat Partiyası da müharibədə əldə etdiyimiz nailiyyətlərə və bunun beynəlxalq təşkilatların diqqətinə çatdırılmasına dəstək verməkdən imtina etdi. Ramiz Mehdiyevin dəstəyi olan zaman radikal müxalifət - anarxistlər güclü idilər. Onun dəstəyi çəkilən kimi zəifləməyə başladılar. Biz bunun bariz nümunəsini nə vaxt gördük? 2019-cu ildən sonra... Akademik Ramiz Mehdiyev öz leyhinə və direktiv aldığı imperiyaların leyhinə istifadə etdiyi dövlət rıçaqlarını itirdikdən sonra nə baş verdi? Bəlli oldu ki, ortada anarxistlərin, radikalların artıq cəmiyyətə təsir imkanları da itdi. Beləliklə, AXCP sədri, sadəcə, sosial şəbəkə fəalına çevrildi. Müsavat Partiyası isə passiv mövqedə qalmaqla daha da lokallaşdı. Düşünürəm ki, ictimai şüur bu obyektiv gerçəkliyi dərk etməlidir. Çünki bu, nəticə etibarilə gələcəyimizi təyin edən kütləvi siyasi şüurun formalaşmasına təsir edəcək. Biz indiki radikal qruplaşmaların “iştirakı” ilə, yaxud “iştirakçılığı” göstərilməklə bu siyasi sistemlə gələcəyə getsək, əlbəttə ki, daha böyük milli məqsədlərimizə doğru irəliləyərkən yenidən bu müxalifətin xəyanətini görə bilərik. Buna görə də siyasi sistemimizdən bu radikal qruplaşmalar çıxmalı, onlara dəstək verən dövlət məmurları sona qədər ifşa olunmalıdır. Nəticədə, bu xalqın əziyyətinə, qətiyyətinə, böyüklüyünə, tarixi zəfərimizə layiq olan yeni bir siyasi sistem qurmağı bacarmalıyıq”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Noyabr 2025, 11:14   
Избранный
27
pravda.az

1Источники