RU

Görəsən yazsaq, düzələrlər?

Ömür sürdüyümüz həyat adlandırılan bu nəsnədə bəzən elə hallarla rastlaşırsan ki, heç əlinə qələm götürüb, qarşısına kağız qoyub, barmaqları alnının böyür tərəfinə söykəyib xəyal aləminə cumub onları yazmaq istəmirsən. Belə anlarda hiss edirik ki, deyəsən, ilham pərisi də mısmırığını sallayıb naz eləyir, küsməyə hazırlaşır. 

Çoxlarımızın hər gün gördüyü və şahidi olduğu həmin halları çox böyüdüb hadisə demək də olmaz. Bizcə, onlar uzaqbaşı həyatımızdakı kiçik fraqmentlər silsiləsindən ibarət xırda məsələlərdir. Amma xırda olsalar da, bu olaylarda böyük eyiblərimiz, kiçik kobudluqlarımız açıq-aydın görünür. 

Təkcə çörəyi yox, çayı da qələmdən çıxanların daxili və xarici işlərinə qarışmaq fikrindən uzağıq. Şəxsən biz belə neqativ, hələ neqativdən də bir az o tərəfə olan bu cür hadisələri heç vaxt yazmaq istəməmişik. Çünki yazsaq, sandığı açıb pambığı tökəcəyik oxucuların qənşərinə. Külli-aləmdə yaşayan insanlar da yazını oxuduqca eyiblərimizi görəcəklər. 

Yazmaq istədiyimiz olayların bəzi detallarını qısa da olsa oxuculara açıqlamaq istəyirik. İstəyirik ki, oxucular ucundan-qulağından da olsa bilsinlər. Onlardan biri etinasızlığımızdır. Etinasızlıq sözünü çoxumuz bilib anladığımıza görə onun özündə nələri ehtiva etdiyini yazmırıq. Çünki həmin sözün ora-burasını çox qurdalasaq gedib biganəlik, özünü qəsdən görməməzliyə, bilməməzliyə və eşitməməzliyə vurmaq ifadələri ilə qohum çıxacaq. Ona görə də istəmirik ki, başqaları ətrafımıza, ətrafımızdakılara qarşı biganə olduğumuzu bilib bizə lağ eləsinlər. Amma sözün düzünü deyək ki, bu fikrin üstünə köklənəndə hərdən ürəyimizdən mülayimcəsinə "yaz, yaz" pıçıltılarını da eşidirik.

Hər gün xidmətindən istifadə etdiyimiz avtobusda, metroda elə hallarla rastlaşırıq ki, əlimiz quruyub üzümüzdə qalır. Bir də görürsən, budur, cırıq, damdar cins şalvarlı gözəl bir qız, yaxud yaraşıqlı bir oğlan, qulaqlarında qulaqcıq, əlində  enli bir telefon oturub "iqra" oynayır. Sanki ətrafdan təcrid olunublar, dünyanın orbitindən çıxıblar. Buna görə də başlarının üstündəki ağsaçlı analardan, atalardan, nənə və  babalardan, çəliklə gəzən xəstələrdən, hamilə, yaxud qucağı uşaqlı qadınlardan xəbərsiz olurlar. Elə bilərsiniz ki, onlar bunu görmürlər? Vallah, görürlər, amma özlərini görməməzliyə vururlar. 

Bəzən də görürsən ki, budur ha bir dəstə cavan oğlan söhbət edə-edə gedir. Yaxınlıqda isə yaşlı birisi əlindəki üç-dörd ağır çantanı güclə dartıb aparır. Cavan oğlanlarsa etinasızcasına onun yanından ötüb keçirlər. 

Hərdən bir həkimlərə üz tutmalı oluruq. Görürsən ki, cavanlar növbə gözləmədən dava-dalaş salır, kobudcasına yaşlılara hörmətsizlik edərək irəli keçirlər. İctimai nəqliyyatda da belədir. Avtobus dayanacağa yaxınlaşan kimi cavanlar özlərini atırlar irəli. Tez-tələsik rahat yer tutub oturur və əlinə alır telefonu, olur "başı aşağı" cavan. 

Bu cür halların sayını xeyli uzadıb gənclərin etinasızlığından geniş bəhs etmək olar. Amma biz onları ətraflı yazıb sözü urvatdan salmaq istəmirik. Bir də istəmirik ki, gənclər yazımızda özlərini görüb az da olsa utansınlar.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
28
azerbaijan-news.az

1Источники